Ömür mütəmadi olaraq unutmaqla xatırlamaq adlı iki zidd qütbün arasında keçir. İnsan həyat səfərində müxtəlif çətinliklərlə üzləşir, ağır sınaqlardan keçir, kədər və qorxu dolu anlar yaşayır. İnsana unutmaq neməti bəxş edilməsəydi, çəkdiyi ağrı-acıların yükünü ömrü boyu çiyinlərində daşıyar, onların ağırlığı altında əzilərdi. Məruz qaldığı haqsızlıqları, gördüyü xəyanətləri unuda bilməsəydi, qəm-qüssəyə qərq olar, qəlbində yığılan inciklik, kin və nifrətin əsirinə çevrilərdi. Sevdiklərinin itkisini hər an ilk günkü qədər kəskin hiss etsəydi, ayrılığın yükünü daşımağa gücü çatmazdı. Belə olduqda nə həyatın gözəlliklərini görə bilər, nə də ona bəxş edilən nemətlərin sevincini və ləzzətini duyardı. Qarşısına çıxan yeni imkan və fürsətlərə ümidlə sarılmaq əvəzinə, bədbinliyin zülmətində yaşamağa məhkum olardı.
Məhz bu cəhətdən unutmaq çox vaxt yaralarımıza məlhəm olur, bizi keçmişin ağır yükündən və acı xatirələrin əsarətindən xilas edib yenidən həyata bağlayır. Onun sayəsində zamanla yenilənir, mənəvi güc toplayır və gələcəyə inamla addımlamaq imkanı qazanırıq. İlk baxışda yaddaş qüsuru kimi görünən unutqanlıq, əslində, bizi ümidsizliyə düşməkdən qoruyan nemətlərdən biridir. Digər tərəfdən isə unutmaq təkcə mənfi duyğuları deyil, həm də ən dəyərli xatirələri, verilmiş vədləri və ali həqiqətləri də yaddaşımızın dərinliklərinə qərq edə bilər. Bu gerçəkliyin özündə də ilahi hikmət gizlənir. Çünki insan unutduğunu xatırlayar. Dünya isə bizim üçün unutduqlarımızı yenidən xatırlama məkanıdır. Axı biz bu aləmə yalnız yemək-içmək, ömrümüzü başa vurmaq üçün deyil, öz həqiqətimizi tanımaq və ruhumuzun əzəli vətənini yenidən xatırlamaq üçün gəlmişik. Həyatın enişli-yoxuşlu yolları, üzləşdiyimiz sınaqlar, sevincli-kədərli hadisələr, əslində, bu prosesin bir hissəsidir.
Dünya həyatı həqiqətin üzərinə çəkilmiş pərdə kimidir. Buraya qədəm qoyduğumuz andan yaddaşımızı qəflət dumanı bürüyür; haradan gəldiyimizi, kim olduğumuzu və daxilimizdə hansı sirləri daşıdığımızı unuduruq. Dünyaya göz açdığımız ilk andan öz həqiqətimizi, əslimizi və ruhumuza əmanət edilən ilahi sirri bütün aydınlığı ilə dərk etsəydik, nə axtarışın mənası qalardı, nə də xatırlamanın hikməti. O zaman qəlbimizdə Haqqa həsrət oyanmaz, ruhumuzda əsl vətənə qovuşmaq eşqi alovlanmazdı.
Halbuki bizi kamilliyə aparan yol məhz bu həsrətli axtarışdan başlayır. Bizi həqiqət yolçusuna çevirən də elə qəlbimizdəki həmin yanğıdır. O yanğı bizi görünəndən görünməyənə, surətdən mənaya, zahirdən batinə üz tutmağa çağırır. Buna görə də həyatda qarşılaşdığımız imtahanlarda, çəkdiyimiz ağrı-acılarda, yaşadığımız sevgi və ayrılıqlarda ruhumuzun dərinliklərinə hopmuş ilahi həqiqətin izlərini axtarmalıyıq. Bütün ömrümüz unudulmuş həqiqəti yenidən xatırlamaq, itirilmiş mənaya qovuşmaq və əzəli vətənimizə doğru yol almaq üçün davam edən mənəvi səfərə çevrilməlidir.
Daxilimizdə yaranan dərin suallar, keçirdiyimiz mənəvi sarsıntılar və qəlbimizi titrədən həqiqətlər, əslində, elə xatırlama sancısıdır. Biz öz həqiqətimizi axtardıqca Mütləq Həqiqətə doğru yol alırıq. Ruhumuzun dərinliklərinə enib özümüzü tanıdıqca Yaradana daha da yaxınlaşırıq. Lakin bütün diqqətimizi zahirə yönəltdikcə daxili aləmimizdən yavaş-yavaş uzaq düşürük. Başımız dünyanın hay-küyünə qarışdıqca qəlbimizin pıçıltısını eşidə bilmirik. Nəfsimizi doyurduqca ruhumuzu aclığa məhkum edirik. Keçici arzu və istəklərimizi böyütdükcə əbədi həqiqətdən məhrum qalırıq. Nəticədə zahiri məşğuliyyətlərin içində itib-batır, özümüzə yadlaşır və həqiqətən, kim olduğumuzu xatırlaya bilmirik.
Halbuki biz təkcə bədəndən, bizə verilmiş addan, cəmiyyətin yüklədiyi rollardan, yaşadığımız hadisələrdən, çəkdiyimiz ağrı-acılardan və ya qazandığımız uğurlardan ibarət deyilik. Təəssüf ki, zaman keçdikcə bütün bu aidiyyətləri yavaş-yavaş öz həqiqi varlığımızla qarışdırmağa başlayırıq. Əslində isə bunların hamısı sonradan qazanılmış sifətlər, dəyişkən hallar və müvəqqəti kimliklərdir. Özümüz də fərqinə varmadan hansısa xatirəni, uğuru və ya məğlubiyyəti öz həqiqətimiz hesab etdikcə əsl varlığımızla aramıza görünməz pərdələr çəkirik. Bu, bəlkə də, unutqanlığın ən ağır formasıdır.
Dünya daim nəzərimizi zahirə – daha çoxunu qazanmağa, daha artıq təqdir olunmağa, daha güclü və üstün görünməyə yönəldir. Biz əbədi səadət yolundakı məqsədimizi unutduqda həqiqətin kölgəsi sayılan bu fani dünyanın cazibəsinə qapılıb qalırıq. Halbuki dünyanın həqiqətini gözəl tanıyan Həzrət Əli (ə) onu belə vəsf edir: “Həqiqətən, dünya keçib gedən kölgə, yaxud gecə qonaq qalıb səhər yola düşən müsafir kimidir. İnsanın gördüyü röya və ya üfüqdə bir anlıq parlayıb yox olan şimşək kimidir”.
Mənəviyyatımız isə bizə fərqli yol göstərir. O, baxışlarımızı zahirdən batinə, yəni öz daxilimizə yönəldir və sanki hal dili ilə belə səslənir: “Bir anlıq dayanın, özünüzə nəzər salın. Qəlbinizin dərinliklərinə enin, daxilinizdəki fitrət çağırışını dinləyin”. Çünki öz daxili aləminə yönəlməyən insan varlığın sirlərini dərk edə bilməz. Buna görə də böyüklərimiz bu həqiqəti “Özünü tanıyan Rəbbini tanıyar” hikməti ilə ifadə ediblər. Lakin bu bilik və tanıma yalnız kitab səhifələrindən oxunub zehnə yığılan məlumatlardan ibarət deyil. Bu, hal elmidir – yaşamaqla, axtarmaqla, səhvlərdən nəticə çıxarmaqla və təcrübə ilə qazanılan mənəvi idrak səviyyəsidir.
Bəs nə üçün biz daim axtarış içindəyik? Nə üçün hər şey zahirən qaydasında görünsə də, qəlbimizin dərinliyində natamamlıq duyuruq, əldə etdiklərimiz bizə rahatlıq gətirmir? Çünki bizim əsl axtardığımız nə sərvət, nə şöhrət, nə də dünyadakı uğurlarımızdır. Biz bütün bunların arxasında, özümüz də fərqinə varmadan, itirdiyimiz həqiqətimizi və əsl varlığımızı axtarırıq.
Öz kimliyini axtarmaq və yenidən xatırlamaq – ilk növbədə nəfsini tanımaq, insanın üzərinə geyindirdiyi saxta kimlikləri görmək, özünə aid olmayan yükləri kənara atmaq və ruhuna əmanət edilmiş ilahi məsuliyyəti anlamaqdır. “Mən” adlandırdığımız varlığın, əslində, nə qədər dəyişkən, keçici və qurama olduğunu dərk etməkdir.
Böyük mütəfəkkir Muhyiddin ibn Ərəbi belə deyir: “Sən, əslində, özünü itirməmisən, sadəcə, özünə aid olmayan şeylərin səs-küyü içində qalmısan”. Bəlkə də, buna görə insanın qəlbindəki o dərin həsrət heç vaxt dinmir. Ruh öz mənbəyini unutmadığı üçün daim insana xatırladır: “Sən özünü zənn etdiyin kimi deyilsən. Sən bundan daha dərinsən, daha əzəli, daha həqiqisən. Özünə qayıt”.
Özünü xatırlamaq isə eqonu böyütmək deyil, əksinə, saxta mənlik pərdələrini aralayaraq mahiyyətə yaxınlaşmaqdır. İnsan bir anlıq dayanıb özünə nəzər salsa, yaşadığı ağrı-acıları düşmən kimi görməsə, bu həqiqəti anlayar. Dünyanın səs-küyündən uzaqlaşıb müvəqqəti tənhalığa çəkiləndə, qəlbinin səsini dinləyəndə və özünü Yaradanın iradəsinə təslim edəndə bu idraka çatar.
Məhz unudulmuş bu həqiqətləri yenidən xatırlatmaq üçün uca Allah müxtəlif dövrlərdə bəşəriyyətə peyğəmbərlər göndərdi, insan unutmağa meyilli olsa da, Yaradan onu heç vaxt unutmadı. Vəhy vasitəsilə ona doğruluğu, dəyəri, gözəlliyi, xeyirxahlığı, ədaləti və fəziləti xatırlatdı. Lakin o ruhani mənşəyindən və əsl məqsədindən ayrılaraq Haqqdan uzaqlaşdığına görə zamanla özü də unuduldu. “Qurani-Kərim” bu həqiqəti belə ifadə edir: “Onlar Allahı unutdular, Allah da onları” (“Tövbə”, 67).
O, bir vaxtlar xatırlanması mümkünsüz su damlası olduğunu unudub özünü böyük gördü. Buna görə də Şəms Təbrizi deyir: “Bəzən insanın haradan gəldiyini unutmaması üçün dönüb arxaya baxması lazımdır…” Bütün bu baxışların nəticəsində o, dünyada ikən cəhənnəm əzabı içində qıvrılıb qaldı. Bəlkə də, bu, dünyada ona verilən ən ağır cəzalardan biri oldu…
Və insan unutdu…
Bu dünyaya nə üçün göndərildiyini, ona bəxş edilən saysız-hesabsız nemətləri unutdu.
Səmadan süzülən lətif yağış damlasını, aramla yerə enən qar dənəsini unutdu.
Gecənin qaranlığında işıq saçan ayı, səmanı bəzəyən ulduzları unutdu.
Baharın gəlişini, küləyin laylasını, çiçəyin gözəlliyini, ağacın bəhrəsini, səmada qanad çalan quşları unutdu.
Bütün bunların kim tərəfindən hansı hikmətlə göndərildiyini unutdu.
Bu nemətlərə görə şükür etməyi unutdu.
Ona verilən hər nemətin bir mesaj, hər gözəlliyin bir işarə olduğunu unutdu.
Göndərilən məktubu açıb oxudu, lakin onu göndərəni unutdu.
Ən mühümü isə böyük həqiqəti – ölümü və bu dünyanın faniliyini unutdu…
Unutmağın qəbul edildiyi məqamlar da var. İnsan unutmağı seçəcəksə, bu, ülvi bir məqsədə xidmət etməlidir. Bəzən o başqalarının rahatlığı və səadəti naminə özünü unutmağı bacarmalıdır. Etdiyi yaxşılıqları unutmalıdır ki, onları minnətə çevirməsin. Başqalarından gördüyü pislikləri unutmalıdır ki, qəlbi kindən qaralmasın. Qəlbini dünyanın tozundan təmizləməlidir ki, Əbədi Həqiqətin aynasına çevrilsin. Dahi şairimiz Məhəmməd Füzulinin dediyi kimi, könül lövhəsini Sevgilinin surətinə ayna etməlidir ki, yaddaşında qalan hər şeyi unutsun və yalnız Onu xatırlasın:
Lövhi-xatir surəti-canana qıl ayinədar,
Ani yad et, hər nə kim yadındadır, ani unut.
Bəs unudulmaq necə?.. İnsanların yaddaşından silinmək, Yaradanın rəhmət nəzərindən uzaq düşmək, sanki heç yaşamamış kimi izsiz yoxa çıxmaq? Lakin bu da həyatın qaçılmaz həqiqətidir: hər insan bir gün bu dünya səhifələrindən silinəcək. Dünyadan köçdüyü andan itirdiklərindən biri də ömrü boyu ən çox fəxr etdiyi adı olacaq. Ən yaxınları belə artıq ona adı ilə deyil, “mərhum” deyə müraciət edəcəklər. Zaman keçdikcə doğmalarının yaddaşında onun səsi əvvəlki aydınlığını itirəcək, həyatdakı izləri bir-bir solacaq. Bir müddət sonra, bəlkə də, adı belə bu dünyada qalmayacaq. Payız küləyinin budaqdan qopardığı son yarpaq kimi torpağa düşəcək. Yanan ocağın külə dönən közü kimi soyuyub sovrulacaq. Dalğaların sahildən yuyub apardığı izlər kimi silinəcək. Səhrada küləyin qumla örtdüyü karvan yolu kimi görünməz olacaq. Fələstinli şair Mahmud Dərvişin dediyi kimi:
Sanki heç yoxmuş kimi
unudulacaqsan…
Ölmüş bir quş kimi,
Tərk edilmiş məbəd kimi,
Ötəri sevgi kimi,
Qar altında qalmış gül kimi
unudulacaqsan…
Həqiqətən də, unudulmaq istəmiriksə, əvvəlcə itirdiklərimizin izinə düşməliyik. Dağıtdıqlarımızı yenidən qurmalı, sındırdıqlarımızı bərpa etməli, qırdığımız könülləri sevgi və səmimiyyətlə yenidən fəth etməliyik. Çünki insanın bu dünyadakı ən ali vəzifəsi ona əmanət edilən mənəvi məsuliyyəti anlamaq və onu layiqincə yerinə yetirməkdir. Həqiqi yolumuzu axtarmaq əvəzinə, ömrümüzü boş və mənasız məşğuliyyətlərlə keçirib ümidsizlik və bədbinliyin qaranlıq quyusunda hədər etməməliyik. Əksinə, hər addımımızda xeyirxahlığı, mərhəməti və gözəlliyi həyatımızın amalına çevirməliyik. Qəlblərə sevgi ilə toxunmağı, ümid oyatmağı, insanlara fayda verməyi və onların yaddaşında silinməz izlər qoymağı bacarsaq, zamanın axını bizi unutdura bilməz. Əsrlər ötüb keçsə də, xatirəmiz insanların qəlbində yaşamaqda davam edər. Mənəviyyat aləminin sultanları kimi gələcək nəsillərin könlündə özümüzə əbədi taxt qurarıq.
Muxtar Cəfərli



