NASA astronavt korpusunu genişləndirmək üçün yeni qəbul elan edib.
“Füyuzat” xəbər verir ki, proqram çərçivəsində seçiləcək namizədlər gələcəkdə “Artemida” layihəsi üzrə Ay missiyalarında iştirak edə, Ay səthində fəaliyyət göstərə və yaradılması planlaşdırılan Ay bazasında xidmət edə biləcəklər. Onlar, həmçinin Marsa təşkil olunacaq gələcək uçuşların hazırlıq prosesinə cəlb ediləcəklər.
NASA-nın açıqlamasına görə, qəbul edilən astronavt namizədlərinə illik 164 min 395 dollar, yəni təxminən 279 min manat maaş ödəniləcək. Namizədlər Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzində iki illik intensiv təlim proqramından keçəcəklər. Hazırlıq müddətində kosmosda çıxışlar, robototexnika sistemləri və uçuş əməliyyatları üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Müraciət etmək istəyən şəxslərdən mühəndislik, biologiya, fizika, kompüter elmləri və ya riyaziyyat sahəsində magistr dərəcəsi, eləcə də ən azı üçillik peşəkar iş təcrübəsi tələb olunur. Qeyd edək ki, proqrama yalnız ABŞ vətəndaşları müraciət edə bilər. Müraciətlərin qəbulu üçün son tarix 3 dekabr 2026-cı il müəyyən edilib.



