Xəbərlər

Nazir: Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasını birləşdirir

Birinci Türkoloji Qurultayın ruhu bu gün də Türk dünyasını birləşdirir. 1926-cı ildə bu tarixi binada toplaşan Türk dünyasının görkəmli alimlərinin, ziyalılarının və vətənpərvərlərinin yaratdığı mənəvi mühit bu gün də hiss olunur.

“Füyuzat” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün səslənən çıxışları dinlədikcə sanki yüz il əvvələ qayıdırıq. Hətta qurultayın protokollarında əksini tapan çıxışlarla tanış olduqda həmin dövrün ab-havasını, bu divarlara hopmuş ruhu və enerjini hiss etmək mümkündür. Bu birlik ruhu, ortaq dəyərlər ətrafında formalaşan düşüncə bu gün də yaşayır”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, beynəlxalq konqresdə çıxış edən bütün nümayəndələr Birinci Türkoloji Qurultayın Türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını xüsusi vurğulayırlar.

Adil Kərimlinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illər Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması və təbliği istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu təşəbbüslər vahid mədəni məkanın formalaşmasına, türk xalqları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Yubiley çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan nazir təşkilatçılara təşəkkürünü çatdırıb.