Türkiyənin hakimiyyət orqanları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, o cümlədən turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün birgə layihə və proqramlar həyata keçirməyə sadiqdir.
“Füyuzat” xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ankarada keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxışı zamanı bildirib.
Ersoy Ankaranın “2026-cı il Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsini Türkiyə üçün qürur mənbəyi adlandırıb. Nazir vurğulayıb: “Əminəm ki, builki tədbirlər proqramı bizim strateji hədəfimiz olan Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək. Bu məqsəd Türkiyənin bir çox dövlət proqramlarında öz əksini tapıb”.
Onun sözlərinə görə, turizm təkcə iqtisadiyyatın bir hissəsi deyil, həm də ölkələrin mədəniyyətinin, dilinin və ənənələrinin təşviqi vasitəsidir. O əlavə edib: “Əminəm ki, qardaş dövlətlərin sıx əməkdaşlığı sayəsində TDT ölkələrinin turizm sənayesi qlobal turizm və səyahət sistemində daha layiqli yer tutacaq”.
Nazir daha sonra Türkiyənin turizm sənayesinin yüksək göstəricilərinə diqqət çəkərək xatırladıb ki, 2025-ci ilin sonuna qədər ölkəni 64 milyon turist ziyarət edib, turizm gəlirləri isə 65,2 milyard dollara çatıb. “Bu rəqəmlər bizim üçün yeni nailiyyətlərə doğru fəaliyyətin başlanğıcıdır. Türkiyə bütün ölkəni əhatə edərək, turizm mövsümünü ilboyu uzatmağa çalışır”, – deyə Ersoy vurğulayıb





