Xəbərlər

Nikiforov: Zelenski Trampa məktub yazmayıb

“Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa məktub yazmayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın “Liga.net” nəşrinin sorğusuna cavab olaraq Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Zelenski heç bir məktub göndərməyib, Tramp sosial şəbəkədəki yazıdan danışırdı”, – Nikiforov deyib.

Öz növbəsində, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “Facebook”da yazıb ki, “Tramp Zelenskinin “X”dəki paylaşımını oxuyub”.

Bundan əvvəl ABŞ prezidenti Nümayəndələr Palatasında və Konqresdə ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı bildirib ki, çərşənbə axşamı Zelenskidən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bəyan edən “vacib məktub” alıb.

Zelenski isə “X” hesabındakı paylaşımında qeyd edib ki, o və komandası “davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırdır”. O, həmçinin fevralın 28-də Trampla görüşdə baş verənlərdən təəssüfləndiyini bildirib, lakin ABŞ prezidentindən üzr istəməyib.