Köşə Yazıları Samir Mirzə

Nüfuz dilənçiləri: hörmətlə qumar oyunu

Görünmək, eşidilmək, dinlənilmək – bir sözlə, var olduğunu bildirmək üçün insanların çoxu ömür boyu müxtəlif formada özlərini sübut etməyə çalışırlar. Ya səs tonlarını qaldırırlar, ya da izlərini qoyurlar. Səs tərəfi məlumdur – emosional çıxış, qışqıraraq danışmaq və s. Yaxud səssiz – yazılar, görülən işlər və s. imzalarını tarixə həkk edirlər. İndiki zamanda bir az hörmətsizliklə də hörmət qazanmaq olur. Məsələn, kimsə ağzına və ya ağlına gələni danışmaqla da diqqət dilənir. Dilənir deməklə təhqir etmirəm, hərfi mənada da bunun adı dilənməkdir.


Təbii ki, hörmətə layiq insanların haqqını verməyənlər də az deyil. Onlar isə qəddarlıq, şəxsiyyətinin əzilməsini dilənirlər. İstəyirlər ki, başıqapazlı olsunlar. Səmimilik, insanlıq və s. üstün keyfiyyətlər sui-istifadə əhlinə girəvə verir. Belələri isə hörmətli şəxsiyyətlərə qarşı çaşmaq, azğınlıq göstərmək üçün sanki pusqudadırlar. Görünür, öyrəniblər ki, həmişə alçalsınlar, gərginlikdə saxlansınlar, bir az nəzakət görən kimi saxta səmimiyyətə keçirlər, hər şeyi əllərinə, üzlərinə bulaşdırırlar. Neynək, gərək belə keşməkəşli həyat keçirənləri, acığını, nifrətini, qisasını xoş rəftar göstərənlərə yönəldənləri başa düşməyə çalışaq. Sizi əmin edirəm ki, bu tip insanların içində özünü cəmiyyətdən üstün tutanlar, çoxlarına üstdən aşağı baxanların sayı heç də az deyil. Mövzunu onlara danışsaq, deyəcəklər ki, hə, Quran haqqı, bezmişik belələrindən. Necə deyərlər, əlin üzündə qalacaq ki, mən sənə dedim ki, payını götürəsən, sən yenə qanmadın. Əslində, məsələ həm də qanmazlıqda, dərrakəsizlikdədir. Buna da neynək…


Elə bir dövrə gəlmişik ki, insanlar maksimum tənbəllik yolunu seçir, qısa yolla hörmət dilənirlər. Başqasının əli ilə əlini gücləndirmək, zəhməti ilə irəli getmək və bunu öz adına çıxarmaq, öz imzanla təqdim etmək. Bu hansısa müəllifin layihə işi deyil ki, ərsəyə gətiriləndən sonra deyilsin ki, mən etmişəm. Gecə-gündüz baş sındırıb nəticə əldə edənlərin, uğur qazananların müvəffəqiyyətinə sahiblənmək kimidir. Hələ-hələ bunu paylaşıb öz işi kimi təqdim edənlər lap dilənçiliklə məşğul olanları mat qoyublar. İndi belə davranışların tərifi var: zirəkdir, ağıllıdır, bacarıqlıdır və s.


Hələ də tam məlum deyil ki, insanların bir çoxu nəyə görə saxta şəxsiyyət modelini seçirlər. Ola bilsin, daha asandı budur. Bilirlər ki, özləri bir şey deyillər, heç olmasa, başqasının adına sığınsınlar. Deyəcəkdim ki, nə olar ki, müxtəlif formalarda həmin uğurlu adamların haqqını versinlər, yadıma düşdü ki, normalda başqalarının haqqını öz adına yazanlardan ədalətli rəftar gözləmək sadəlövhlük olar.


Bəzən heç öz adları üçün də etmirlər, sadəcə rəqib kimi qəbul etdikləri insanların paxıllığını etdiklərindən müvəffəq bir işi özününkü kimi təqdim edirlər. Həmin şəxsləri özlərinə təhdid, təhlükə kimi görürlər. Birdən ağırlığının altında qalar, xəşili çıxar. Xəşil olmaq istəməyən üzərində işləmək əvəzinə, irəli gedəni bloklamağı vacib bir missiya kimi qarşısına hədəf qoyur. Əşi kişinin oğlu, bir az çalış, farsajı sıx, get keç də. Bunun sağlam yolu var: qibtə elə, örnək bil, öyrən, iri addımlar at. Buna deyirlər, sağlam rəqabət, sağlam hörmət, sağlam istək, yuxarıda deyildiyi kimi, dilənmək yox, ehtiyacı sağlam şəkildə təmin etmək. Xəstəlikdirsə, Allah şəfa versin.


Əlbəttə, təqdimat dövrüdür, gərək bir yolla insan özünü təqdim etsin. Arxa planda işləyirsə, önə də çıxmağı bacarsın. Amma ədalətli şəkildə. Qumar oynamaq formasında yox, tezbazar pul qazanmaq istəyən qumarbaz bunun iflas olma tərəfini də nəzərə almalıdır. Əlindəki xırda “bacarığ”ı böyük qazanc əldə etmək niyyəti ilə oyuna qoyub olan-qalan bütün hörməti də əlindən çıxaracaq. Ruhun dilənçiliyi sonda elə fiziki dilənçiliyə keçid edəcək…