Mədinə Məcidli • Xəbərlər

Odyssey sözləşməsi

Yunan mifologiyasına görə Odysseus, Laertes və Antikleanın oğlu və İthaka kralıdır. Onun başına gələn müxtəlif macəraları, Antik dövr şairi Homerin “İliada” və “Odisseya” adlı dastanlarında təsvir etdiyi vətəndən ayrılma və geri dönüş hekayələri sayəsində bilirik. Lakin Odysseus təkcə mifoloji qəhrəman deyil, o, eyni zamanda neyroelmi bir anlayışa da adını verib: Odysseus razılaşması. Bu anlayış ilk baxışda Odysseusun yenə yunan mifologiyasındakı başqa bir obrazla bağladığı müqavilə kimi səslənsə də, əslində davranış elmləri və fəlsəfə ədəbiyyatında yer almış bir davranış modelidir və razılaşmanın qəhrəmanı Odysseus deyil, bizik.

Hamımız bəzən içində olduğumuz anın cazibəsinə qapılıb məsuliyyətlərimizi təxirə salmış və bu səbəbdən narahatlıq hiss etmişik. Həmin anda narahatlıqdan qaçmaq və ya məsuliyyətlərimizi daha sonrakı vaxta ötürmək üçün “indiki biz” ilə “gələcəkdəki biz” arasında müəyyən razılaşmalar yaranır. Məsələn, “Bu paraqrafı da oxuyum, sonra qalxıb tapşırıqlarımı edəcəyəm” cümləsi bir Odysseus razılaşmasıdır. Geri ödənişli təqaüd götürmək, kommunal xərclər üçün avtomatik ödəniş qurmaq və ya orqan donorluğu forması doldurmaq kimi hallar da müxtəlif zamanlardakı “biz” arasında edilən bu cür razılaşmalardır və davranış elmlərində “Odysseus razılaşması” adlanır. Amerikalı neyroalim David İglmen “Incognito” adlı kitabında bu vəziyyətin ən maraqlı tərəfinin insan zehninin özünün fərqli zamanlardakı halları ilə “danışıqlar” aparması olduğunu qeyd edir və bunu belə izah edir: tutaq ki, ev sahibiniz sizə şokoladlı tort yeməyi təkidlə təklif edir, beyninizin bir hissəsi həmin şirniyyatdakı şəkəri istəyir, digər hissəsi isə sağlam qidalanma barədə narahat olur, yəni beynin bir hissəsi qısamüddətli qazancı, digəri isə uzunmüddətli strategiyanı üstün tutur, nəticədə emosiyalar üstün gəlir və siz tortu yeməyə qərar verirsiniz, amma bir şərtlə – sabah idman zalına getməyə söz versəniz. Bu zaman sual yaranır: kim kiminlə razılaşır, hər iki tərəf də siz deyilsinizmi? Fərqində olmasaq da, bu cür razılaşmalar həyatımızda kifayət qədər böyük yer tutur. Məsələn, ABŞ-da “Christmas Club” adlı bir bank sistemi mövcuddur ki, insanlar il boyu pul yığır və ilin sonunda Milad alış-verişi üçün həmin pulu geri çəkirlər, bu da əslində il ərzində qənaət etməyən “siz” ilə bayramda xərcləmək istəyən “siz” arasında bağlanan bir Odysseus razılaşmasıdır. Anlayışın adı isə Homerin “Odisseya” dastanından gəlir; burada Troya müharibəsindən sonra vətəni İthakaya qayıtmağa çalışan Odysseusun macəraları təsvir olunur.

Rəvayətə görə, Odysseus səyahət zamanı Sirenlər adasının yanından keçməli olur, Sirenlər gözəllikləri və sehrli mahnıları ilə dənizçiləri özlərinə cəlb edən varlıqlardır və onların mahnısını eşidən heç kim qarşı dura bilmir, nəticədə faciəvi sonla üzləşir. Tanrıça Kirke Odysseusu təhlükə barədə xəbərdar edir və dənizçilərin qulaqlarını mumla bağlamağı tövsiyə edir. Ada göründükdə Odysseus xəbərdarlığı xatırlayır və mumu adamlarına paylayır, beləliklə onlar mahnını eşitməyəcək və təhlükədən xilas olacaqlar, lakin Odysseus həm mahnını eşitmək, həm də sağ qalmaq istəyir, buna görə də adamlarına onu gəminin dirəyinə möhkəm bağlamağı əmr edir. Sirenlərin mahnısı eşidildikdə Odysseus özündən gedəcək dərəcədə təsirlənir, adaya getmək istəyir, lakin dənizçilər daha sürətlə hərəkət edir və mahnı sönəndə təhlükə də aradan qalxır. Hekayədə Odysseus hələ mahnını eşitmədən onun təsirinə tab gətirə bilməyəcəyini anlayır və gələcəkdəki özü ilə bir razılaşma edərək özünü dirəyə bağlatdırır, məhz bu səbəbdən gələcəkdəki özümüzlə etdiyimiz bu cür razılaşmalar “Odysseus razılaşması” adlanır.

Hazırladı: Mədinə Məcidli