Kültür-sənət

Pakistanlı rəssamın Azərbaycan kimliyinə sənətin sehrilə səfəri

Dünyaca məşhur azərbaycanəsilli pakistanlı rəssam Səba Qızılbaş Oksford Universitetində dissertasiyasını Azərbaycan və Pakistan mədəniyyətinə həsr edib. “Bakıdan Multana” adlı bu sənət işi Oksford Universitetinin muzey kolleksiyasına daxil olunub.

Səba Qızılbaş 1977-ci ildə Lahorda nəcib qızılbaş ailəsində anadan olub. Qeyd etməkdə fayda var ki, Azərbaycan əsilli Pakistan qızılbaşları 18-ci və 19-cu əsrdən etibarən Lahor, Pişəvər, Karaçi və Kəşmir kimi indiki Pakistan dövlətinin ərazisinə aid olan bölgələrdə yaşayırlar. Səba Qızılbaş xanımın əcdadları Nadir şahın Hindistana yürüşündə iştirak etmiş, zəfərdən sonra orada mühüm hakim vəzifələrə təyin olunmuşdular. 1947-ci ildə Britaniya Hindistanı Hindistan və Pakistan olaraq iki hissəyə bölündü. Bu zaman Hindistan ərazisində yaşayan bir çox Qızılbaş ailəsi kimi Səba xanımın ailəsi də Pakistan vətəndaşlığını seçmiş, Karaçi, Lahor və digər böyük şəhərlərdə məskunlaşaraq yeni bir həyat qurmuşdular.

Soydaşımız Qızılbaş xanım dünyaca məşhur rəssam və incəsənət müəllimidir. Səba Qızılbaş Lahor Milli İncəsənət Kollecinin rəssamlıq ixtisasında incəsənət üzrə bakalavr, ABŞ-ın Rhode İsland Dizayn Məktəbində (RISD) isə incəsənət üzrə magistr dərəcəsidə təhsil almışdır. O, 2022-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin Ruskin İncəsənət Məktəbindən Təsviri İncəsənət magistri dərəcəsi alıb, Oksford Universitetini fərqlənmə ilə başa vuran soydaşımız eyni zamanda “Azərbaycan və Pakistan” mədəniyyətinə həsr etdiyi dissertasiyasına görə həm Mansfield-Ruddock mükafatını, həm də Pembroke Embery mükafatını qazanıb. Onun işi Oksford, Nyu-York, Dubay, Honq-Konq, San-Fransisko, eləcə də Pakistanda, o cümlədən bir neçə solo təqdimatda nümayiş etdirilib.

Berkli Kaliforniya Universitetində Güney Asiya İncəsənət Təşəbbüsü çərçivəsində hər il münsiflər heyətinin seçdiyi şəxslər incəsənət və memarlıq üzrə dissertasiya və rəssamlıq mükafatı ilə təltif edilir. 2022-ci ildə Güney Asiya rəssamlıq mükafatının qalibi Pakistandan olan soydaşımız Səba Qızılbaş olmuşdur. Soydaşımız həmçinin 2023-cü ildə Nigaah İncəsənət Mükafatı – Üstün Rəsm Mükafatının qalibi olub.

Qeyd etdiyimiz kimi, Səba xanım dissertasiyasının bir fəslini Bakıya, Azərbaycana səfərə, Azərbaycan və Pakistan mədəniyyətinə həsr edib. Fotolarda Azərbaycan və Pakistana həsr etdiyi dissertasiya işi təsvir olunub. Səba xanım Qızılbaş bu əsərinə “Bakıdan Multana” adını vermişdir.

Azərbaycan və Pakistan arasındakı tarixi-mədəni birliyin simvollarından biri də Multan karvansarasıdır. Bu karvansara ticarət yollarının qovşağında yerləşməklə yanaşı, həm də tarixi bağların və mədəni mübadilənin canlı şahididir. Multan Pakistan şəhəridir, Bakıda bu adla 14-cü əsrə aid “Multan karvansarası” vardır. “Multan karvansarasının” əsası Multan şəhərindən gələn tacirlər və karvan yolçuları tərəfindən qoyulmuşdur.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə “ATV” kanalında verdiyi müsahibəsində belə qeyd edirdi: “Həqiqətən də, Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarilər və Ordubadilər sülaləsinin olması bizim xalqlarımızın tarix boyu yaxın olduğunu göstərir”.

Pakistan keçmiş prezidenti Pərviz Müşərrəf Bakı səfərində bu karvansaranı ziyarət etmiş və karvansaraya hədiyyələr bağışlamışdır. Hədiyyələr saxlanılan dolabın üzərində “Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları” yazılıb.

“Bakıdan Multana” əsərində Bakının ecazkar mənzərələri, neft buruqları və İçərişəhərin qədim divarları bir araya gələrək keçmişlə bu günün dialoqunu yaradır, şəhərin ruhunu fırça izlərində canlandırır.

Səba Qızılbaşın “Bakıdan Multana” adlı təsirli əsəri Oksford Universitetinin idarə heyətinin diqqətini çəkmiş, nəticədə bu sənət nümunəsi universitetin Mansfield Kollecinin Muzeyinin daimi kolleksiyasına daxil edilərək sərgilənməyə başlamışdır.

Səba xanım Qızılbaşla söhbətimizdə qeyd edirdi ki, ailəsi ilə birlikdə 2017-ci ildə Azərbaycana səyahət etmiş, xüsusilə Bakı və Qobustanın zəngin tarixi-memarlıq abidələrinə heyran qalmış, Qubanın füsunkar təbiətində isə sakitliyin və gözəlliyin dərin izlərini tapmışdı. Səba xanım sözünə davam edərək bildirirdi ki, “əcdadlarının vətəni olan Azərbaycanda olmaq onun üçün yalnız bir səfər deyil, köklərinə qayıdış, mənəvi bir görüş idi”. Pakistan və Azərbaycan – iki bayraq, bir ürək, sonsuz dostluq! Mədəniyyətimizlə dünyaya birlik nümunəsi göstəririk!


Vahid İbayev
Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru