Xəbərlər

“Pink Noise” yuxunu pozur – tədqiqat xəbərdarlıq edir

Yeni bir araşdırma göstərir ki, bir çox insanın yatarkən istifadə etdiyi “pink noise” (çəhrayı səs) yuxunun keyfiyyətini zəiflədir. Alimlər müəyyən ediblər ki, bu tip fon səsləri xüsusilə REM mərhələsini – yuxunun ən dərin və bərpaedici hissəsini azaldırmış. “Pink noise” davamlı səs spektrinin bir növüdür və səs dalğaları müxtəlif tezliklərdə paylanır. Aşağı tezliklərdə səslər daha güclü, yüksək tezliklərdə isə zəif olur. Bu səbəbdən pink noise daha yumşaq və təbiətə bənzər səslə məsələn, yağış və ya şəlalə səsi kimi səslənir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” məlumat yayıb.

“Pink noise” çox vaxt yuxuya getməyə kömək edən fon səsi kimi istifadə olunur və bir çox yuxu və meditasiya tətbiqlərində yuxu yardımçısı kimi təqdim edilir. Tədqiqat zamanı 21–41 yaş arası 25 sağlam yetkinin yuxusu laboratoriya şəraitində bir neçə gecə ərzində müşahidə edilib. İştirakçılar fərqli şəraitlərdə – səssiz mühitdə, pink noise ilə, ətraf səslərlə və ya birləşdirilmiş səs-küylərlə yatıblar.

Nəticələr göstərib ki, “pink noise” istifadə edilən gecələrdə REM yuxusu orta hesabla 19 dəqiqə azalıb. “Pink noise” digər səs-küylərlə birlikdə olduqda həm dərin yuxu, həm də REM daha çox qısalıb və iştirakçılar gecə ərzində daha tez-tez oyanıblar. Yalnız “pink noise” və ya yalnız ətraf səs-küy olduqda bu qədər mənfi təsir müşahidə edilməyib, amma birləşdikdə yuxu keyfiyyəti daha çox pozulur. Qulaq tıxacları istifadə edilən gecələrdə isə yuxu keyfiyyəti daha yaxşı qorunub.

Alimlər vurğulayıblar ki, REM yuxusu yaddaşın möhkəmlənməsi, emosional sabitlik və beyin fəaliyyəti üçün vacibdir. “Pink noise” və digər fon səslərinin uzunmüddətli təsiri xüsusilə uşaqlarda diqqətlə araşdırılmalıdır.