Ruslan Bayramlı • Xəbərlər

PISA 2025 – gələcəyə hazır şagirdlər konsepti ilə

Məlum olduğu kimi PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri artıq elan olunub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 2000-ci ildən həyata keçirilən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı olan PISA dünya miqyasında 15 yaşındakı şagirdlərin sosial və iqtisadi həyatda tam iştirakları üçün vacib olan əsas bilik və bacarıqlara nə dərəcədə sahib olduqlarını qiymətləndirən bir proqramdır  (PISA2025). Üç ildən bir keçirilən PISA tədqiqatında şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları qiymətləndirilir.

Məlumat üçün qeyd edim ki, beynəlxalq qiymətləndirmələrdə iştirak təhsil sisteminin inkişaf səviyyəsini obyektiv, müqayisəolunan və dünya miqyasında qəbul edilmiş meyarlar əsasında ölçməyə imkan verir. Bu qiymətləndirmələrin nəticələri ölkələrin təhsil sisteminin güclü və inkişaf etdirilməli lazım olan tərəflərini müəyyən etməklə yanaşı, gələcək təhsil siyasətinin və islahatlarının da əsaslandırılmış şəkildə həyata keçirilməsinə xidmət edir.

PISA 2025 qiymətləndirməsində ümumilikdə 91 ölkə və iqtisadiyyat olmaqla 33 milyon 15 yaşlı şagirdi təmsil edən 760 min şagird iştirak etmişdir. Ölkəmiz  PISA qiymətləndirməsində 2018–ci ildən iştirak edir. Əvvəlki illərdən fərqli olaraq PISA 2025 tədqiqatında Bakı məktəbləri ilə yanaşı region məktəbləri də iştirak etmişdir. Sonuncu PISA qiymətləndirməsində ölkə üzrə 241 məktəbdən 7432 şagird iştirak etmişdir.

Yuxarıda da qeyd etdiyim kimi PISA qiymətləndirməsində oxu savadlılığı, riyazi savadlılıq və təbiət elmləri ölçülən əsas istiqamətlərdir. PISA balı bizim alışdığımız klassik imtahan qiyməti və ya faiz göstəricisi deyil. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA 2025 hesabatına baxarkən görmək olur ki, bütün ölkələr üçün ortaq ölçü xətti təyin olunub. İƏİT ölkələrinin ortalaması 500, standart kənarlaşma isə 100 bal kimi təyin olunub. 500 ortalaması şkalada tarixi istinad nöqtəsidir ki, oxu savadlılığı üzrə 2000, riyazi savadlılıq üzrə 2003, təbiət elmləri üzrə 2006–cı ildə qurulub. Qeyd edim ki, 500 həmin dövrdə İƏİT ortalamasıdır. Məlumat üçün deyim ki, sonuncu PISA nəticəsinə görə İƏİT ortalaması təbiət elmləri üzrə 482, riyazi savadlılıq üzrə 463, oxu savadlılığı üzrə isə 461 baldır.

Məlumat üçün qeyd edim ki, təqdim olunan rəqəmlər və məlumatların bir qismi İƏİT–in (OECD) hazırladığı hesabatlardan, digər qismi isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) PISA 2025 üzrə təqdimatından götürülmüşdür.

Ölkəmiz əvvəlki illərdə Bakı ilə təmsil olunduğu üçün müqayisələr yalnız Bakı məktəbləri ilə aparılmışdır. Son 4 qiymətləndirmə dövründə riyazi savadlılıqda İƏİT üzrə orta balda geriləmə müşahidə olunsa da Bakının nəticələri 2018–ci illə müqayisədə 40 bal, 2022–ci illə müqayisədə isə 63 bal artıb. Qeyd edim ki, hesabata, əsasən, cari qiymətləndirmə dövründə (2022–2025) ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında Bakı (Azərbaycan) da yer almışdır.

Təbiət elmələri üzrə son 4 qiymətləndirmə dövrü ərzində İƏİT ortalamasında geriləmə müşahidə olunub. Bakının nəticələri isə 2018-ci illə müqayisədə 42 bal, 2022–ci illə müqayisədə isə 60 bal artıb. İƏİT hesabatına əsasən  cari qiymətləndirmə dövründə (2022–2025) təbiət elmləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında da Bakı (Azərbaycan) yer almışdır.

Oxu savadlılığı üzrə də son 4 qiymətləndirmə dövrü ərzində İƏİT ölkələrinin orta balında geriləmə müşahidə olunur. Bakının nəticələri isə 2018–ci illə müqayisədə 16 bal, 2022–ci illə müqayisədə isə 39 bal artıb.  İƏİT hesabatına, əsasən, cari qiymətləndirmə dövründə (2022–2025) oxu savadlılığı üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında da Bakı (Azərbaycan) yer almışdır.

İƏİT-nin hesabatına əsasən həm riyaziyatda, həm də təbiət elmləri üzrə nəticələrimizdə artım müşahidə olunur, bu təqdirəlayiq haldır. Lakin artım əvvəlki illərlə müqayisədədir. Təhsil isə əslində bizdən hara çatmağımızı istədiyimizi özündə ehtiva edən bir sosial fəaliyyətdir. Həmçinin PISA fundamental tədqiqatının əsasını 15 yaşındakı şagirdlərin sosial və iqtisadi həyatda tam iştirakları üçün vacib olan əsas bilik və bacarıqlara nə dərəcədə sahib olduqlarını müəyyənləşdirməkdir. Bu mənada bizim də PISA qiymətləndirməsində iştirakımızda əsas sualımız bu olmalıdır ki, şagirdlərimiz bu fundamental bacarıqlara nə dərəcədə sahibdirlər?

PISA 2025 hesabatına, əsasən, görmək olur ki, cinslər arasında hiss olunacaq fərq qızların xeyrinə olmaqla oxu bacarıqlarında qeydə alınmışdır. Azərbaycanlı şagirdlərin nəticələri isə onu göstərir ki, şagirdlərimiz mətni oxumaq, oxuduğunu anlamaq, müqayisə etmək, nəticə çıxarmaq, həmçinin əldə etdiyi məlumatları başqa situasiyalarda tətbiq etmək kimi müasir təhsilin əsas bacarıqlarından olan oxuyub-anlama bacarıqları baza səviyyəsinin altındadır. Bu da öz növbəsində oxu bacarıqlarına olan diqqətin artırılmasını zəruri edir.

PISA 2025 nəticələrinin təhlili coğrafi yerləşmənin ölkəmizin timsalında nəticələrdə öz təsirini göstərir. Bu təsiri Bakı və region məktəblərinin nəticələrinin müqayisəsi zamanı daha aydın görmək olar. Bundan başqa məktəbəqədər təhsilə cəlb olunma, valideynin öyrənmə prosesində rolu, rəqəmsal və süni intellekt alətlərindən istifadə, bullinq (qısnama) də nəticələrdə öz rolunu bu və ya digər formada göstərir ki, bu məqamlar nəzərə alınmaqla yanaşı valideynlərin də bu sahədə maarifləndirilməsi ehtiyacını yaradır.

Ruslan Bayramlı