Aktual

Politoloq: Növbədənkənar seçkilər Azərbaycanın gücünü bir daha nümayiş etdirəcək

Dünən Azərbaycanda 2024-cü il 7 fevral tarixində erkən seçkilərin keçirilməsi barədə Sərəncam qəbul edilib. Sərəncam Azərbaycan cəmiyyətində müzakirələrə səbəb olub. İnsanlar qərarın hansı zərurətdən doğması və nə kimi faydalar verə biləcəyi barədə fikir mübadiləsi aparmağa başlayıb. Bəs, görəsən, bu qərar hansı zərurətdən doğub və nə kimi nəticələr vəd edir?

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar tarixi qərar kimi qəbul edilməlidir:

“Bu seçki qrafikdən kənar olsa da, məzmunca indiyə qədər olan seçkilərdən fərqlidir. Düzdür, prezident seçkilərinin hamısı seçki texnologiyasının təkminləşməsindən tutmuş ölkəmizin inkişafına qədər bütün məsələlərdə əhəmiyyətlidir. Bu baxımdan yeni seçkilər də son dərəcə vacib olacaq. Mən bunu 1993-cü ildə baş verən seçkilərlə müqayisə edə bilərəm. Həmin dövr və indiki situasiya müəyyən qədər oxşardır. 1993-cü ildə güclü mərkəzi hakimiyyətə olan ehtiyac həmin seçkiləri zəruri edirdi. İndiki seçkilər isə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir şəraitdə baş tutacaq”.

Politoloq qeyd edib ki, bu seçkilər həmçinin ərazilərimizin bütövlüyünün və dövlət suverenliyimizin tam təmin olunduğu ilk seçkilər olacaq:

“İndiyə qədər keçirilmiş prezident seçkiləri Azərbaycanın bütün ərazilərini əhatə etməmişdi. Düzdür, seçicilər baxımından bu bütövlük təmin edilirdi, yəni işğal edilmiş bölgələrimizin sakinləri də səsvermədə iştirak edir, yaxud da namizəd kimi seçkiyə qatıla bildirdilər. Ancaq həmin şəxslərin qeydiyyatda olduğu rayonlar işğalda olduğu üçün onlar ərazi olaraq seçkiyə öz doğma yurdlarından qatılmırdılar. Digər tərəfdən bu seçkilər Azərbaycanın dünya miqyasında bir sıra uğurlar əldə etdiyi yeni reallıqda keçiriləcək. Seçkilər hər iki baxımdan Azərbaycan dövlətinin başçısının seçilməsi ilə yadda qalacaq ilk mühüm hadisə olacaq. Əslində, qalib dövlətin qalib prezidenti olmalıdır. Çünki Azərbaycanı bu günə qədər belə ciddi uğurlara daşıya bilibsə, İlham Əliyevin haqqı var ki, bu yenilikləri ardıcıl etsin. Həm də Azərbaycan bu gün yeni reallıqlar fonunda sözünü etdiyimiz seçkilərə gedirsə, bunlar hamısı həmin uğurların nəticəsidir. Bir sözlə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi bu yeni reallıqlarda yeni seçkilərə ehtiyac var və bu seçkilər dünyada Azərbaycanın gücünü bir daha nümayiş etdirəcək”.