Xəbərlər

Prezident Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib

Aprelin 28-də Prezident Kitabxanasında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Füyuzat” xəbər verir ki, bu barədə  kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dövlət rəsmiləri və akademikin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Direktor çıxışında Zərifə xanımı minlərlə insanın qaranlıq dünyasına nur bəxş edən şəxsiyyət kimi səciyyələndirib. O, həmçinin qeyd edib ki, Zərifə xanım təkcə böyük alim deyil, həm də örnək bir ana və sadiq ömür-gün yoldaşı kimi xalqımızın yaddaşında əbədi iz qoyub.

Daha sonra Zərifə xanım Əliyevanın zəngin ömür yolunu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Videomaterialda akademikin həyatının müxtəlif dövrləri və oftalmologiya elminə verdiyi töhfələr təqdim olunub.

Qeyd etmək lazımdır ki, Prezident Kitabxanası tərəfindən akademikə həsr olunmuş elektron layihə, virtual sərgi və ənənəvi kitab sərgisi də hazırlanıb ki, bu resurslar görkəmli alimin zəngin elmi irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Zərifə xanım Əliyevanın ailə üzvü Lalə Cəfərova, yazıçı-publisist Şərəf Cəlilli, tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi Nigar Axundova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Əməkdar jurnalistlər Tahir Talıblı və İttifaq Mirzəbəyli çıxış edərək akademikin elmi irsi və ictimai fəaliyyəti haqqında öz fikirlərini bölüşüblər. Tədbirdə alimin zəngin fəaliyyətinin və nəcib şəxsiyyətinin unudulmaz bir nümunə olduğu diqqətə çatdırılıb.

Sonda professor Afət Abbasova yekun sözü ilə çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.