Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda təşkil olunan beynəlxalq konfrans yalnız keçmişin xatırlanması deyil, eyni zamanda türkoloji araşdırmaların yeni mərhələyə keçidi üçün konseptual əsasların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və şübhəsiz ki, bundan sonrakı elmi fəaliyyətlərə də güclü stimul verəcəkdir.
”Füyuzat” xəbər verir ki, bu fikirləri Türkiyənin Kafkas Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları (Azərbaycan türkcəsi və ədəbiyyatı) departamentinin müdiri professor İlkin Qulusoy deyib.
Onun sözlərinə görə, 1926-cı ilin fevralın 28-dən martın 6-dək Bakıda keçirilən I Türkoloji Qurultayı keçmiş SSRİ ərazisində yaşayan türk xalqlarının dili, ədəbiyyatı, əlifbası, tarixi, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm qərarlar qəbul edib. “Bu Qurultay XX əsrdə türk xalqlarının, xüsusilə Azərbaycan xalqının mədəni həyatında dərin iz qoyan ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb”, – deyən alim sovet məkanından olan alimlərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş qonaqların da yer aldığı qurultayın işində, ümumilikdə 131 elm və mədəniyyət xadiminin təmsil olunduğunu xatırladıb.
Professor İ.Qulusoy bildirib ki, I Türkoloji Qurultayı türk xalqları arasında mədəni yaxınlaşma və inteqrasiyanın güclənməsinə mühüm təkan verib, geniş coğrafiyada yaşayan türk toplumları üçün ortaq problemlərin müzakirə edildiyi və gələcək istiqamətlərin müəyyənləşdirildiyi mühüm elmi müzakirə meydanına çevrilib.



