Aktual

“Qarabağ universiteti dünyada öz sözünü demiş ali təhsil mərkəzlərindən birinə çevriləcək”

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ universitetinin yaradılması barədə sərəncam imzalayıb.

Universitetin yaradılması ilə bağlı qərar Azərbaycan cəmiyyətində sevinclə qarşılanıb və bu qərarın işğaldan azad edilmiş bölgələrdə yenidənqurma prosesində gənclərin də yer alması, Qarabağa həyatın, həm də gənc nəsillə birlikdə qayıtması baxımından effektiv nəticələrə səbəb olacağı gözlənilir.

Bəs yeni universitetin istər Azərbaycan elminə fayda, istərsə də Qarabağın özünün iqtisadi və təhsil həyatında nə kimi faydaları olacaq? Sözügedən universiteti dünya standartlarına uyğunlaşdırmaq üçün hansı addımlar atılmalıdır?

“Füyuzat” mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elşən Qafarovun fikirlərini  öyrənib. O bildirib ki, ölkədə 2022–2026-cı illər üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun sayının 70000-ə çatdırılması gözlənilir:

“Eyni zamanda Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması da planlaşdırılır. Bildiyimiz kimi, Azərbaycan–Türkiyə universiteti və Azərbaycan–İtaliya universitetinin açılması ilə bağlı ciddi işlər aparılır, həmçinin artıq Qarabağ universitetinin açılması ilə bağlı sərəncam verilib. Məsələ belədir ki, hər bir ali təhsil müəssisəsinin əsas vəzifəsi ölkənin inkişaf konsepsiyasına, əmək bazarının inkişafına və əmək bazarının tələblərinə uyğun olaraq yüksək ixtisaslı kadr hazırlamaqdır və açılacaq Qarabağ universitetinin də digər ali təhsil müəssisələri kimi əsas missiyası bundan ibarət olacaq. Biz inanırıq ki, Qarabağ universiteti ölkənin əmək bazarının tələblərinə uyğun yüksək keyfiyyətli kadr hazırlığı həyata keçiriləcək.

Ekspert universitetin açılmasının əhəmiyyətini belə şərh edib:

“Qarabağ universitenin açılması bizim üçün həm yerləşdiyi yer, həm də adına görə müstəsna əhəmiyyət kəsb edir. Universitetin adı və onun Qarabağda yerləşməsi Azərbaycan xalqı üçün həm mənəvi-psixoloji, həm də təhsil baxımından yaxşı nəticələr vəd edir. Universitetin elmi potensialı, elmi araşdırmaları və kadr hazırlığı baxımından tək Azərbaycan daxilində deyil, bütün regionda, eyni zamanda dünyada öz sözünü demiş ali təhsil mərkəzlərindən birinə çevriləcəyinə inanıram”.

Nəzrin İsmayılova