Tarix

Qazi Bürhanəddin

Ədəbiyyat tariximizdə ilk anadilli divanın əsasını qoyan və günümüzə qədər gəlib çatan ilk şeir divanının müəllifi, şair, görkəmli dövlət xadimi, məşhur sərkərdə Qazi Bürhanəddin 1344-cü ildə Qeysəri şəhərində dünyaya göz açmışdır. O, mənşəcə qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi.

Əsil-nəcabətli bir ailədən olan Bürhanəddinin babası Siracəddin Süleyman Anadoluda yaradılmış Artan bəyliyinin banisi Ələddin Artaninin sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də həmçinin öz dövrünün məşhur qazilərindən sayılırdı. Anası isə Səlcuqlar dövrünün böyük simalarından Cəlaləddin Mahmud Mustafanın oğlu Abdullah Çələbinin qızıdır. Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olmuşdur. Bürhanəddin uşaqlıqdan mükəmməl təlim-tərbiyə almış, zəmanəsinin əsas elmlərini kamil şəkildə öyrənmiş, eyni zamanda ox atmaqda, qılınc oynatmaqda, at minməkdə çox məharətli olmuşdur.

1356-cı ildə Qeysəridə baş verən qarışıqlıqlar səbəbi ilə Bürhanəddin atası ilə Şama gedir, lakin 4 aydan sonra vəziyyətin düzəldiyini görüb yenidən Qeysəriyə qayıdırlar və Əhmədin atası sarayda qazi kimi fəaliyyət göstərməyə başlayır.

Bütün kübar ailələrdən çıxan uşaqlar kimi Bürhanəddin də öz dövrünə görə yaxşı ibtidai təhsil alır, 1358-ci ildə isə təhsilini davam etdirmək üçün atası ilə Misirə yollanır. Burada islam hüququ, tibb, astronomiya, usuli-fiqh, təfsir, fəlsəfə, məntiq, xəttatlıq və s. elmləri öyrənir. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə gedərək bütün Şərqdə məşhur olan alim Qütbəddin Razinin yanında təhsilini davam etdirir. Şair 19 yaşında ikən islamın aləmə Günəş kimi işıq saçdığı şəhərə – Məkkəyi-Mükərrəməyə gedir və bir müddət o mübarək şəhərdə yaşayır, atasının vəfatından sonra isə Hələbə köçür. 1365-ci ildə Qeysəriyə qayıdaraq Artan hökmdarı Məhəmmədin qızı ilə evlənir. Çox keçmədən onu atasının yerinə qazi təyin edirlər. Bu vəzifədə 10 ildən artıq xidmət göstərən Qazi Bürhanəddin mükəmməl elmi və ədaləti ilə xalqın rəğbətini qazanır.

Artan hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli keçir. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin yerinə yetirirdi. Bu illərdə ölkədə baş verən ən böyük hadisə türkmən-monqol və qaramanlıların hücum edərək Konya və Sivas şəhərlərini zəbt etməsi idi. O bu döyüşlərdə xüsusi şücaət göstərir və 1378-ci ildə vəzir təyin olunur. 2 ildən sonra Əli də vəfat edir və Bürhanəddin onun körpə övladının atabəyi olur. Beləliklə, hakimiyyət onun əlinə keçir. 1381-ci ildə Qazi Bürhanəddin hökmdar kimi taxta çıxaraq öz adını daşıyan yeni bir dövlətin əsasını qoyur və sultan elan edilir. Bundan sonra o bütün həyatını fasiləsiz yürüş və döyüşlərə, daxili və xarici düşmənlərə qarşı mübarizəyə həsr edir. Bir-biri ilə daim çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkəsində nizam-intizamı möhkəmləndirmək üçün əlindən gələni edir.

XIV əsrdə Əmir Teymur təhlükəsi bütün Yaxın və Orta Şərq ölkələrini bürümüşdü. Qazi Bürhanəddin öz ölkəsini ondan qurtarmaq üçün tədbirlər hazırlayaraq Məmlük sultanı Bərquqla yaxınlaşır. Bir ara Osmanlı hökmdarı I Bəyazidlə də qarşı-qarşıya gəlir, lakin 1394-cü ildə Əmir Teymura qarşı Məmlük sultanı Bərquq, Osmanlı hökmdarı I Bəyazid və Qızıl Orda xanı Toxtamışla birləşərək öz ölkəsini qəhrəmancasına xilas edə bilir. Qorxusuz və təvəkkül sahibi olan hökmdar, eyni zamanda qədərə təslim olmuş böyük bir şair –  Qazi Bürhanəddin bir tuyuğunda buna açıq şəkildə işarə etmişdir:

Əzəldə Haqq nə yazmış isə bolur,
Göz nəni ki, görəcək isə görür.
İki aləmdə Haqqa sığınmışuz,
Toxtamış nə ola, ya axsax Teymur.

Bürhanəddin ölkəsini Teymurun işğalından xilas etdikdən sonra ticarət, maarif və elmin inkişafına təkan verir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.

Qazi Bürhanəddin ömrünün sonuna qədər Qaraman, Amasiya, Ərzincan, Türkmən əmirliklərinə qarşı vuruşaraq onlara qalib gəlir. 1388-ci ildə o, Amasiya əmirini məğlub edərək Turhal qalasını alır. Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarlarından olan Qara Yoluq Osman bəy ilə müharibədə öldürülür və Sivas şəhərində dəfn edilir. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin çətinliklə yaratdığı dövlət I Bəyazid tərəfindən dağıdılır. Ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə keçir.

Şairin qəbri Sivas şəhərindədir. Orta əsr tarixçiləri həyatı çarpışmalarda keçmiş Bürhanəddinə “Əbül­fəth” (zəfər və fəth sahibi) adını vermişlər.

Dövlət idarəçiliyi Bürhanəddinə elm və ibadətlə məşğul olması üçün maneçilik törətmirdi. Yüksək elmə malik şair-hökmdarın fəlsəfi konsepsiyası onun “Tərciüt-tövzih” (“İzahların təkrarı”) və “İksirüs-səadət fi əsrarül-ibadət” (“İbadət əsrarında səadət iksiri”) adı ilə ərəbcə yazdığı risalələrdə əks olunmuşdur.

Təzkirəçi və tarixçilərdən Taşköprüzadə (XVI əsr) “Şəqaiqün-nümaniyyə”, Xoca Sadəddin (XVII əsr) “Tacüt-təvarix”, Katib Çələbi (XVII əsr) “Kəşfüz-zünun” əsərində Qazi Bürhanəddindən ancaq bir şair kimi bəhs etmişlər.

O, şeirlərini üç dildə – Azərbaycan, fars və ərəb dillərində yazmışdır. Azərbaycanca “Divan”ı bircə nüsxədə saxlanmışdır. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılmış və hazırda Britaniya muzeyindədir. Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstanbuldan aparmışdır. Bu divanının fotofaksimilesi 1943-cü ildə İstanbulda nəşr edilib. 1980-ci ildə M.Ergin şairin divanını tam şəkildə çap etdirmişdir. Azərbaycanda isə ilk dəfə AMEA-nın müxbir üzvü, professor Əlyar Səfərli tərəfindən 1976-cı ildə şairin divanından nümunələr, 1988-ci ildə isə divanı bütövlükdə nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Bu “Divan” 1319 qəzəl, 20 rübai və 108 tuyuqdan ibarətdir.

Bürhanəddinin görüşlərinə sufilik və hürufiliyin böyük təsiri olduğu “Divan”ında aydın şəkildə görünür. Qazi Bürhanəddin sufi şair deyildi və həqiqi mənada onun belə bir iddiası da olmamışdır. Buna baxmayaraq şairin təsəvvüf düşüncəsini mənimsədiyi, təsəvvüflə  maraqlandığı və geniş məlumatı olduğu, bu yolun müntəsiblərini qoruduğu, bəzi şeirlərini də bu məqsədlə yazdığı məlumdur.

Həmişə aşiq könli biryan bolur;
Hər nəfəs, qərib gözi giryan bolur.
Sufilərün diləgi mehrab, nəmaz,
Ər kişinün arzusi meydan bolur.

“Aşiqin könlü hər zaman kabab olar, qəribin gözü də hər nəfəs yaş tökər. Sufilərin diləyi mehrab və namaz ikən, ər adamın arzusu meydan olar” deyən şair aşiqlərin bəzi üstünlüklərini sadaladıqdan sonra “ər adam” ilə “sufi”nin yaşayış tərzlərini, onların arzularını, ümidlərini, duyğu və düşüncələri ilə həyata baxış tərzlərini müqayisə edir. Bu şəxsiyyətlərdən birinin batini aləmə yönəlik nəfslə cihadını, digərinin isə zahirə yönəlik bir meydan adamı, bir cəngavər kimi düşmənə qarşı etdiyi cihadını nəzərə çatdırır. Bunların hər ikisi də Həzrəti Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi vəsəlləm) tərəfindən təriflənmiş və mübarək hesab edilmiş şəxsiyyətlərdir.

Qazi Bürhanəddinin eşq aləminin bir günəşi olan Mövlana Cəlaləddin Rumiyə böyük ehtiram göstərdiyi, mərifət dəryası şeyx Muhyiddin ibn Ərəbinin əliylə yazılmış bir “Fususül-Hikəm” nüsxəsindən çox istifadə etdiyi, bu əsəri oxuduqdan sonra təsəvvüfə maraq saldığı və zamanının bütün ziyalıları kimi sufiliyin təsiri altında qaldığı məlumdur.

Beytlərinin birində təsəvvüf əhlinin həqiqi eşq yolunu seçəndən bəri kiminin səccadəsini satdığını, kiminin də dəstəmaz almaq üçün istifadə etdiyi səhəngi tərk etdiyini söyləyir. Təsəvvüf əhli sevgilinin üzündə vəhdəti gördüyünü və könül yoluna meyil saldıqlarını ifadə edir.

Təsəvvüf əhli bulalı səfalarını üzündə,
Kimi səccadəsin satar, girü köz kimi ibriki.

Qazi Bürhanəddin ilahi eşqi tərənnüm edən, ilahi sevgini bəyan edən bir çox şeirlər yazmışdır. Şair aşiqin sevgilinin camalını görüb yolunda öldüyünü, sevgilinin yanında olduqdan sonra həyatın da, ölümün də mənasız olduğunu, sevgilinin gözəlliyini görən gözün ölməyi gözə aldığını, sevgili yolunda ölümü öz həyatından saydığını, sevgilinin onun ağlını və könlünü oğurladığını, canını aldığını, digər divan şairlərində olduğu kimi, “yolunda öl” şəklində ifadə edir.

Mən gözümi sevərəm hüsnüni sevdügiyçün,
Mən canumı sevərəm yolında öldügiyçün.
Ölür isəm yolunda mən həyata sayaram anı,
Şəqavət şah işigində mənə xoştər səadətdir.
Şaha, sənün camalüni görəyim, andan öləyim,
Susamışam visalünə, irəyüm, andan öləyim.
Bunca zaman ləbün içün saçun qaranusındayam,
Abi-həyat qandadur sorayum, andan öləyim.
Canumü əqlümü könül zülfün içində itdilər,
Təşviş əgər olmaz isə tarayım, andan öləyim.

“Ələst məclisi”ndə eşqin gözəlliyinə çatan aşiqin dünyaya gələrək qürbətə düşdüyünü, bu gözəlliklərdən uzaq qaldığını və əsl vətənə qayıtmaq həsrətini “irəmədüm, varamadum, irəyim, andan öləyim” sözləriylə ifadə edərkən digər tərəfdən də aşiqin sevgilini xəyalında özü ilə birlikdə gördüyünü təxəyyül etməsi və bu xəyalın hikmətini öyrənmədən ölmək istəməməsi diqqəti cəlb edir.

Bəzmi-əzəldə irəli canuma eşqi hüsninün
İrəmədüm, varamadum, irəyim, andan öləyim.
Dün gecə düşdə bən səni bənüm ilə görir idüm,
Bu düşümün təbirini yorayım, andan öləyim.

Aşiq könlüylə danışar, dərdləşər. Sevgilinin xəyalıyla xoşbəxt olar, nazıyla özündən keçər. Sevgili ətrafında pərvanə kimi dönər, sevgilinin vüslət bayramı üçün bəslənən bir qurban olar. Könül bir aynadır. Bu aynada ilahi təcəlli zühur edər. İnsan bütün aləmin əsası olduğu üçün insanın həqiqəti də könüldür. Könül gerçəyini bilənlərə “könül əhli” deyirlər. Qazi Bürhanəddin də aşiqin könlünü quşa bənzədir. Könül quşunun əgər qanadı yolunmasaydı, nə halda olursa-olsun, sevgilinin vüsalına çatacağını söyləyir.

Könül quşi nə hal isə irərdi vəslinə,
İndi yolundu, qalmadı qanadı, nidəyim.

Qazi Bürhanəddinə görə, aşiqin könlü ilahi himmət buraqına minərsə, iki hərəm (Məkkəyi-Mükərrəmə və Mədinəyi-Münəvvərə) deyil, yeddi fələyə getmək belə onun üçün asan olar.

İki hərəm nə nəsnədür səhl ola bu yedi fələk,
Gər binür isə könlüm himmətinün buraqına.

“Ya ilahi, ya ilahi, ya ilah, Səndən artux yox bu canuma pənah” deyərək Rəbbinə hüznlü halda yalvaran Bürhanəddin, yerin və göyün yaradılış səbəbi, iki aləmin şahsuvarı Həzrəti Muhəmmədi (səlləllahu əleyhi və alihi vəsəlləm) “Məhbubi-Xuda” ifadəsiylə, vilayət məqamının sultanı Həzrəti Əlini (ə) də Peyğəmbərimizin (səlləllahu əleyhi və alihi vəsəlləm) ona hədiyyə etdiyi “Düldül” adlı atı və “Zülfiqar” adlı qılıncı ilə birlikdə mədh edir.

Ol camali ki sevər Allah, mən anı sevərəm,
Bana yetməzmi ki, Mahbubu-Xudanı sevərəm…
Sana hüsn, bana yaş göydən enmiş,
Əliyə zülfiqarıyilə düldül.

Qazi Bürhanəddinə görə, həcc sevgilinin xəyalı, onun ayağının tozuna çatmaq da aşiqin meracıdır. Şair bir beytində də həcc mövsümündə sevgilinin üzü Kəbə, aşiqin göz yaşının Zəmzəm olduğunu söyləyir.

Şol dəm ki xayalün gələ, həccim bənim oldur,
İrərsəm ayağun tozuna ol bana merac.
Yar üzü bana Kəbəvü gözüm yaşi Zəmzəm,
Həcc mövsümidür eşq ilə Zəmzəmə gərəkdür.

Aşiqin Məşuqa olan həsrəti, iştiyaqı eyni zamanda onu gücsüz və taqətsiz qoyar, sevgilidən ayrı qaldığı hər an, əslində, aşiqin ölümü deməkdir:

Nigara, öldürür bizi firaqun,
Bizə taqət qoymadı iştiyaqun.

Şair sevgilinin dodağını şəkər qaynağı kimi görür. Ləb, yəni dodaq təsəvvüfdə sevgilinin sözü və ya vəhdət mənasını verir.  Bu səbəblə onun dodaqları (sözləri) zikr edilincə aşiqin ağzı şəkər saçır, ağzının içi şəkərlə dolur.

Zikrimdə məgər qılur idüm mən ləbini dün,
Yar, ağızum içində sanasın ki şəkkər oldı.

Qazi Bürhanəddinə görə, aşiq öz varlığını tamamilə sevgiliyə verməli, canı və cismi tərk etməlidir. Şair bir beytdə də aşiqin öz canı üçün sevgilini tərk etməsinin çətin, sevgili üçün canından imtina etməsinin isə daha asan olacağını ifadə edir.

Cananı cana tərk qılan müşkülə düşər,
Canana canımı qoyub asana düşmişəm.

Şair sevgilinin bəzi xüsusiyyətlərini, peyğəmbərlərin möcüzələri vəsiləsiylə dilə gətirib ortaq şəkildə, Həzrəti Peyğəmbərimizin (səlləllahu əleyhi və alihi vəsəlləm) “Merac” möcüzəsinə yer verir.

Buraqi-eşqə binübən qılur könül merac,
Geyübən ol toni kim toxımaz anı nəssac.

“Mən çətinlik günündə qoç igidlərin köməyinə qaçaram. (Hər nə qədər) bəyəmsə də, indi dərvişəm. (Əgər mən) dostlarım üçün rahatlığamsa, onlara rahatlıq versəm, bunda təəccüblü nə var? Düşmənimin (canına qorxu salar, onun) gücünü, qüvvətini darmadağın edərəm” deyən şairin bu tuyuğu ilə təmkinli, diqqətli, özünə güvənən, möhtacları himayə edən, yardımsevən və təvazökar dərvişliyi ilə yanaşı, cəsarət və qəhrəmanlıq məziyyətlərinə sahib bir cəngavər olduğunu görürük.

Bün günində qoçlara mən işəm uş,
Bəgisəm, hələ bu dəm dərvişəm uş.
Dostlarıma dinçligisəm nə əcəb?
Düşmənümün canına təşvişəm uş.

Qazi Bürhanəddin ilahi eşqlə yanaşı, bəşəri sevgini də tərənnüm edən şeirlər yazmışdır.  Şair aşiqin gözü, sevgilinin gözəlliyini görməsə, bu gözəllik heç bir işə yaramaz. Onsuz da sevgilinin gözəlliyini görmədikdən sonra aşiq gözlərinə ehtiyac duymaz.

Hüsnün nə vəchə sığar göz səni görməyincək,
Hüsnüni görməz isə bu gözü neylərəm mən.

Görkəmli türk alimi Məhəmməd Fuad Köprülüzadə “Azəri ədəbiyyatına aid tədqiqlər” əsərində Bürhanəddin barədə yazır: “Şairin qəzəllər, rübailər və tuyuqlardan mürəkkəb türkcə divanı azəri ləhcəsinin bütün övsafını göstərir. Əsərlərindən şəklin və lisanın ibtidailiyinə və rəqaqətinə rəğmən səmimi və çox canlı xüsusi bir əda vardır… Bu şairin mənzumələrində hərgünkü həyatdan alınmış səmimi, milli məfhumlar da vardır ki, o qaba sətirlər altında kəndisinin xəşin, cəngavər, cəsur ruhi görünür”.

Dünyayı çox sınadux bir buyimiş,
Qamu aləm varlığı bir Huyimiş.
Qaplan, aslan, əcdahalar cümləsi,
Əcəlün qaynağında ahuyimiş.

“Dünyanı çox sınadıq, (məgər o, bir nəfəslik) qoxudan başqa bir şey deyilmiş. Bütün aləmin varlığı bir O, (tayı və bənzəri olmayan Allah) imiş. Pələng, aslan, əjdahaların hamısı, (nə qədər güclü olsalar da, nəhayət) əcəlin qaynağında (yaxud əcəl gəldiyində bir) ahu kimidirlər” deyən şairin bu misralarında dünyanın faniliyini, kainatın yaradılış hikmətini, ölümün mahiyyətini düşündürən və ibrət alınmasını tələb edən fikir və təsəvvürlər vardır. Doğum, həyat və ölüm kimi dəyərlərin olduğu bu dünyanı tanıdığını və çox sınadığını söyləyən şair bütün aləmin varlığı ilə onda cərəyan edən hadisələrin səbəb və nəticələrini xaliq olan Allaha bağlayır, əcəl haqqında zehnimizə, düşüncələrimizə dini və ədəbi mənada işıq salır… Burada ibrətə və hikmətə əsaslanan böyük bir həqiqətə işarə edən şair, “əcəl” ovçusunun əlində ən qorxunc və ən yırtıcı varlıqların belə çox kiçik və gücsüz ov olduqlarını söyləməklə “əcəl sahibi”nin gücünü, qüvvət və qüdrətini bəyan edir.

Şairin çox beytində dünyanın fani olması zikr edilir. Bu dünyanın bəqası olmadığı üçün fənada məqam tutmayıb saqinin (doğru yolu göstərənin) əlindən davamlı şərab (İlahi eşq) içilməsi lazım olduğuna, aşiqin könlünün “davam” adını bu dünyada söyləməsinin qeyri-mümkün olduğuna, dünyanın səhər vaxtında görülən şəbnəm kimi müvəqqəti olduğuna, dünyanın aşiqi muradına çatdırmayacağına işarə edir.

Bəqası yox bu cihanun, fənadə dutma məqam,
Dur imdi saqi, tolu vir əlimə cami müdam.
Davam adını dünyada bulımadı könülüm,
Muhal imiş bu dünyada davam adı nidəlüm.

Bəsirət, təcrübə və inancının işığında addımlayan Qazi Bürhanəddinin iki aləmə aid düşüncələri ilə yanaşı, dövlətə və dövlət idarəçiliyinə əsaslanan qüvvətli istək və idealları da var idi.

Dövlətindən qaçan olar xaksar,
Aşiq olar məşuqından şərmsar.
Himmətümüz iki aləmdə gəzər,
Nolısar Amasiyə, ya Nikisar?

Şair bu misralarda bir baxımdan dövlətə və dövlət idarəçiliyinə aid məqsədini, hətta idealını ortaya qoyur. “Dövlətindən, səadətindən qaçan pərişan olar. Aşiq məşuqundan həya edər. Bizim himmətimiz, səyimiz hər iki aləmdə gəzər. Amasiya və Niksarı (fəth etmək və ədalətlə idarə etmək) nədir ki?..” deyən şairin din və qəhrəmanlıq duyğusu ilə bəslənən “dövlətə və dövlət idarəçiliyinə” aid bu idealı dövləti müdriklik, gözəllik və ədalətlə idarə etmək, onun sərhədlərini genişləndirmək, xalqa, insanlığa lazım olduğu şəkildə xidmət etmək, onları səadətə çatdırmaq, maddi aləmdən sıyrılaraq hər iki aləmdə gəzə bilmək iştiyaqını daşıyırdı.

İgidlik, bahadırlıq motivləri şairin poeziyasında çox qabarıqdır. Həyatı döyüşlərdə keçən şair ərləri, igidləri döyüş meydanlarına çağırır, haqq-ədalət uğrunda vuruşlara səsləyir, döşəkdə ölən igidi murdar sayırdı:

Özini aşax görən sərdar bolur,
Ənəlhəq dəvi qılan bərdar bolur.
Ər oldur Haqq yoluna baş oynaya,
Döşəkdə ölən yigit murdar bolur.

“Özünü alçaq, aşağı görən (digər bir ifadəylə həyatında təkəbbür, qürur daşımayan insan) baş tajı olar. “Mən Haqqam” iddiasında olan (insan da, bu sözü söyləyən məşhur sufi Həllac Mənsur kimi) dar ağacına çəkilər. Ər odur ki Haqq yolunda başını fəda etməkdən çəkinməyə. (Çünki) döşəkdə ölən igid murdar olar” sözləri bir baxımdan cəngavər bir ruhun varlığından, təvazökar və qəhrəmanlıq halından şeirə əks olunan mənəvi gözəlliklər, estetik incəliklər və dərinliklərdir. Şair dünyada məqsədsiz, qayəsiz, ruhsuz, şüursuz yaşayıb, rahat döşəyində ölən igidi tənqid edirdi. Belə bir ictimai həyat tərzində insanı aşağı səviyyələrə salan rahatlığa hərislik, tənbəllik, etinasızlıq, hissiyyatsızlıq kimi bəşəri zəifliklər insanı insan olmaq fəzilətindən uzaqlaşdırır.

Muxtar Cəfərli