Mədinə Məcidli Tarix Xəbərlər

Qəhvənin tarixi

Qəhvənin tarixi bir qədər sirli və eyni zamanda maraqlıdır. Qəhvə ağaclarının ilk dəfə kim tərəfindən kəşf edildiyini və ya qəhvənin bu gün bildiyimiz içkiyə necə çevrildiyini təsdiqləyən dəqiq tarixi sənədlər mövcud deyil. Lakin bu boşluğu rəngarəng rəvayətlər doldurur və qəhvənin dünyaya yayılma yolunu anlamağa kömək edir.

IX əsr: Efiopiya yaylasında başlanğıc

Rəvayətə görə, Kaldi adlı bir çoban qəhvə dənələrinin təsirini ilk kəşf edən şəxs olub. O, Efiopiya yaylasındakı qədim meşələrdə keçilərini otararkən maraqlı bir şey müşahidə edir: keçilər müəyyən bir ağacın meyvələrini yedikdən sonra olduqca enerjili olur və gecələr belə yatmaq istəmirdilər.

Kaldi bu müşahidəsini yaxınlıqdakı monastırın baş rahibinə danışır. Uzun axşam duaları zamanı oyaq qalmaqda çətinlik çəkən rahib bu meyvələrdən içki hazırlayır və onun sayəsində daha ayıq qaldığını görür. Rəvayətə görə, qəhvə ilk dəfə çox sadə və hər kəsə tanış bir səbəbdən – oyaq qalmaq ehtiyacından yaranmışdır. Rahib bu kəşfini digər rahiblərlə bölüşdükdən sonra qəhvə dənələrinin enerji verən təsiri haqqında məlumat yayılmağa başlayır və tədricən şərqə doğru yayılır.

XV–XVI əsrlər: Ərəbistan yarımadasında qəhvə mədəniyyətinin formalaşması

Qəhvənin tarixində mühüm mərhələ Ərəbistan yarımadasında başladı. Məhz burada qəhvə ilk dəfə becərildi və ticarət məhsuluna çevrildi. XV əsrdə qəhvə indiki Yəmən ərazisində yetişdirilir, XVI əsrdə isə İran, Misir, Suriya və Türkiyə kimi bölgələrdə geniş yayılaraq populyarlıq qazanırdı.

Bir fincanda hikmət

Bu dövrdə qəhvəni həm evdə içmək, həm də şəhərlərdə sürətlə yayılan ictimai qəhvəxanalara getmək mümkün idi. Məkanlar sadəcə içki içilən yerlər deyil, eyni zamanda insanların bir araya gəldiyi canlı sosial mərkəzlər idi. Burada insanlar qəhvə içir, söhbət edir, musiqi dinləyir, tamaşalara baxır, şahmat oynayır və günün xəbərlərindən xəbərdar olurdular. Qəhvəxanalar o qədər əhəmiyyətli idi ki, hətta “Müdriklərin məktəbi” adlandırırdılar.

Ərəbistan yarımadası hər il minlərlə səyyahı, o cümlədən Məkkəyə ziyarətə gələn zəvvarları cəlb edirdi. Zəvvarlar geri qayıdarkən qəhvəxana mədəniyyəti və orada təqdim olunan “ərəb şərabı” – yəni qəhvə haqqında məlumatı digər bölgələrə yayırdılar.

XVII əsr: Avropada qəhvə istehlakının artması

XVII əsrdə qəhvə artıq Avropaya çatmış və qısa zamanda qitə üzrə populyar içkiyə çevrilmişdi.

Təhlükə və uğur arasında

Lakin hər kəs qəhvəni dərhal qəbul etmədi. Bəzi insanlar ona şübhə ilə yanaşır, hətta “şeytanın acı ixtirası” adlandırırdılar. Qəhvə 1615-ci ildə Venesiyaya gəldikdə, yerli ruhanilər onu qınamış və böyük mübahisəyə səbəb olmuşdu. Nəticədə Papa VIII Klement məsələni araşdırmağa çağırıldı. O, qəhvənin dadına baxdıqdan sonra onu çox bəyənmiş və rəsmi şəkildə qəbul etmişdi.

“Bir qəpiklik universitetlər”

Bütün mübahisələrə baxmayaraq, qəhvəxanalar Avropanın böyük şəhərlərində sürətlə yayılmağa başladı. İngiltərə, Avstriya, Fransa, Almaniya və Hollandiyada açılan bu məkanlar Yaxın Şərqdəki qəhvəxanalar kimi sosial mərkəzlərə çevrildi. İngiltərədə bu yerlərə “bir qəpiklik universitetlər” deyirdilər. Çünki burada bir qəpik ödəməklə həm qəhvə içmək, həm də maraqlı söhbətlərdə iştirak etmək mümkün idi.

İş həyatında qəhvə

Bu dövrə qədər səhər yeməyində ən çox pivə və ya şərab içilirdi ki, bu da diqqəti və məhsuldarlığı artırmırdı. Qəhvə yayılmağa başladıqca insanlar günə onunla başlamağa üstünlük verdilər. Onları daha ayıq, enerjili edir və iş keyfiyyətini artırırdı. Beləliklə, qəhvə əsrlər boyu çalışan insanların ən yaxın köməkçisinə çevrildi.

İlk biznes mərkəzləri

XVII əsrin ortalarına doğru təkcə Londonda 300-dən çox qəhvəxana fəaliyyət göstərirdi. Məkanların bir çoxu müəyyən sahələr üzrə “ixtisaslaşmağa” başladı. Bəziləri tacirləri, digərləri isə sənətkarları və ya brokerləri cəlb edirdi. Hətta bəzi böyük bizneslər məhz bu qəhvəxanalarda formalaşmışdı. Məsələn, bu gün dünyaca məşhur sığorta bazarı olan “Lloyd’s of London Edward Lloydun” qəhvəxanasında yaranmışdır.

XVII əsr: Asiyada qəhvə plantasiyalarının yaranması

Qəhvəyə tələbat artdıqca, onun istehsalı uğrunda rəqabət də güclənirdi və artıq qəhvə yalnız Ərəbistanla məhdudlaşmırdı. XVII əsrin ikinci yarısında hollandlar qəhvə ağacının tinglərini əldə etdilər. Onların Hindistanda qəhvə yetişdirmək cəhdləri uğursuz olsa da, indiki İndoneziya ərazisində, xüsusilə Yava adasında bu işdə uğur qazandılar. Qəhvə ağacları burada yaxşı inkişaf etdi və qısa zamanda hollandlar güclü və gəlirli qəhvə ticarəti qurmağa nail oldular. Daha sonra onlar qəhvə becərilməsini Sumatra və Sulavesi adalarına da yaydılar.

Hollandlar həmçinin dünyada ilk qəhvə qarışığını da İndoneziyada yaratdılar. Qarışıq Ərəb qəhvəsi (Yəməndəki məşhur Mocha limanının adı ilə tanınır) ilə Yava qəhvəsinin birləşdirilməsindən ibarət idi. Məşhur “Mocha Java” qarışığı bu gün də mövcuddur və hələ də sevilərək istifadə olunur.

Təxminən 200 il sonra fransız missionerlər qəhvə ağacını Vyetnama gətirdilər. Onlar Bourbon adasından arabika növü tingləri gətirərək XIX əsrin ortalarında Tonkin bölgəsində əkdilər.

XVIII əsr: Qəhvənin Amerikada yayılmasının başlanğıcı

1714-cü ildə Amsterdam meri Fransa kralı XIV Lüdovikə gənc bir qəhvə ağacı hədiyyə etdi. Kral bu ağacın Parisdəki Kral Botanika bağında əkilməsini əmr etdi. 1723-cü ildə isə gənc dəniz zabiti Qabriel de Klieu həmin ağacdan bir ting əldə etdi. Çətin hava şəraiti, quldur hücumları və hətta tingi məhv etməyə çalışan bir şəxsin maneələrinə baxmayaraq, o, bu bitkini sağ-salamat Martinik adasına çatdırmağı bacardı.

Kiçik ting, böyük təsir

Ting əkildikdən sonra sürətlə inkişaf etdi. Amerikada qəhvənin yayılmasına məhz bu ilk ağac səbəb oldu. Növbəti 50 il ərzində təkcə Martinik adasında 18 milyondan çox qəhvə ağacı yetişdirildi. Ting həm də Karib hövzəsi, eləcə də Cənubi və Mərkəzi Amerikadakı ilk qəhvə ağaclarının başlanğıcı oldu. Bu gün içdiyimiz qəhvənin yayılmasında onun rolu əvəzsizdir.

Bir buketdən doğan tarix

Qəhvə Braziliyaya isə maraqlı bir hekayə ilə gəldi. Portuqaliyalı zabit Fransisko de Mello Palheta imperator tərəfindən Fransız Qvianasına qəhvə tingləri əldə etmək üçün göndərilmişdi. Fransızlar bu sahədə rəqabətə görə tingləri vermək istəmirdilər. Lakin Palhetanın cazibədarlığı işə yaradı. Ona rəğbət bəsləyən qubernatorun həyat yoldaşı ölkədən ayrılarkən ona bir buket gül hədiyyə etdi. Bu buketin içində gizlədilmiş qəhvə toxumları isə sonradan Braziliyada milyardlarla dəyəri olan qəhvə sənayesinin əsasını qoydu.

XVIII əsr: Yeni Dünyada qəhvənin çayı əvəz etməsi

XVII əsrin ortalarında qəhvə indiki Nyu-York ərazisinə gətirildi. Sonrakı dövrlərdə qəhvəxanalar yaranıb populyarlıq qazansa da, Yeni dünyada əsas içki hələ də çay idi. Lakin 1773-cü ildə kral III Corc çaya yüksək vergi tətbiq etdikdə vəziyyət dəyişdi. Bu qərar böyük narazılığa səbəb oldu və nəticədə tarixə “Boston Çay Partiyası” kimi düşən üsyan baş verdi. Bu hadisə təkcə Amerika tarixinin gedişatını dəyişmədi, həm də insanların içki seçimlərinə təsir etdi. Bundan sonra amerikalılar getdikcə çaydan uzaqlaşaraq qəhvəyə üstünlük verməyə başladılar. Beləliklə, qəhvə Yeni Dünyada əsas içkiyə çevrildi.

XIX əsr: Dünyanın ən çox tələb olunan məhsullarından biri

Qəhvə dünyada yayılmağa davam edirdi. Missionerlər, tacirlər, köçkünlər və səyyahlar qəhvə toxumlarını və bu içkiyə olan marağı yeni torpaqlara aparırdılar. Bu dövr qəhvə tarixində geniş və dramatik bir mənzərə yaradır: qəhvə tropik meşələrdə və dağlıq ərazilərdə əkilir, bəzi yerlərdə bol məhsul verir, bəzilərində isə məhv olurdu. Kiçik, lakin güclü dənələr sayəsində böyük sərvətlər qazanılır, eyni zamanda itirilirdi. Hətta bəzi ölkələrin iqtisadiyyatı tamamilə qəhvə üzərində qurulmuşdu.

XIX əsrin əvvəllərinə gəldikdə isə qəhvə artıq dünyanın ən gəlirli ixrac məhsullarından birinə çevrilmişdi. O, ən çox tələb olunan məhsullar sırasında yer alır, hətta yalnız xam neftdən geri qalırdı. Başqa sözlə, qəhvə o dövrdə də, bu gün olduğu kimi, qlobal həyatın mərkəzində dayanırdı.

Dünyanın ən bahalı qəhvəsi

Dünyanın ən bahalı qəhvələrindən biri hesab olunan Luwak qəhvəsi qiymətinə görə deyil, yaranma prosesi ilə də insanı heyrətləndirir. Kilosu 300–1000 dollar arasında dəyişən bu nadir qəhvə növü İndoneziyada yaşayan və “musang” yaxud “civet” adlandırılan xüsusi bir heyvan vasitəsilə əldə olunur.

“Kopi luwak” adı ilə tanınan bu qəhvə növündə “kopi” sözü İndoneziya dilində qəhvə mənasını verir. Qəhvənin dadı və keyfiyyəti isə birbaşa həmin heyvanların yaşayış şəraiti və qidalanma rejimi ilə bağlıdır. Əslində qəhvə giləmeyvəsi civetlərin əsas qidası deyil və onların gündəlik rasionunda çox az yer tutmalıdır. Əks halda, yalnız qəhvə ilə qidalandırılan heyvanlar qısa müddətdə zəifləyərək məhv olurlar. Bu səbəbdən də bir civetdən ay ərzində maksimum bir kiloqramadək qəhvə əldə etmək mümkündür.

Keyfiyyətli məhsul almaq üçün istehsalçılar heyvanlar üçün xüsusi qida rejimi hazırlayırlar. Onlara banan, papaya, bal və hətta toyuq kimi müxtəlif qidalar verilir. Civetlər tərəfindən yeyilən qəhvə giləmeyvələri həzm olunduqdan sonra, onların nəcisindən çıxarılan çəyirdəklər xüsusi proseslərdən keçirilir: yuyulur, qurudulur, qabıqdan təmizlənir və sonda qovrulur. Bu mərhələlər digər qəhvə növlərində olduğu kimi tətbiq edilsə də, əsas fərq çəyirdəklərin əvvəlcədən keçdiyi təbii fermentasiya prosesidir. Heyvanın mədəsində baş verən bu fermentasiya zamanı çəyirdəklər mədə turşuları və enzimlərin təsiri ilə dəyişir. Məhz bu proses qəhvəyə özünəməxsus yumşaqlıq və incə ətir bəxş edir. Digər qəhvə növləri ilə müqayisədə daha az kofein tərkibli olması isə onun dadını acıdan çox, yüngül və şirintəhər edir.

Luwak qəhvəsi əsasən İndoneziyanın Bali, Sumatra, Sulavesi və Cava adalarında istehsal olunur. Bunun səbəbi isə civetlərin təbii olaraq yalnız bu bölgələrdə yaşamasıdır. 2013-cü ildə İndoneziya Üləma Məclisi tərəfindən bu qəhvəyə “halal” statusu verilməsi də onun istehsalına marağı daha da artırmışdır.

Lakin bu nadir məhsulun istehsalı hər zaman müsbət qarşılanmır. Heyvan haqlarını müdafiə edən təşkilatlar civetlərin təbii mühitlərindən zorla ayrılaraq dar qəfəslərdə saxlanmasına etiraz edir və bu qəhvənin istehsalının dayandırılmasını tələb edirlər. Tez-tez belə bir sual ortaya çıxır: niyə bu heyvanlar təbii mühitində, yəni meşədə sərbəst şəkildə yaşayıb bu prosesi davam etdirmir? Cavab isə sadədir – sərbəst halda yaşayan heyvanların ifraz etdiyi çəyirdəkləri geniş ərazilərdə toplamaq istehsalçılar üçün olduqca çətin və qeyri-səmərəlidir.

Bu qəhvənin yaranma tarixçəsi də az maraqlı deyil. XVIII əsrdə İndoneziya Hollandiya müstəmləkəsi olduğu dövrdə yerli əhaliyə qəhvə istehsal etmək qadağan edilmişdi. Lakin insanlar civetlərin nəcisində qalan qəhvə çəyirdəklərini toplayaraq onları emal edib istifadə etməyə başladılar. Beləliklə, bu gün dünyanın ən bahalı içkilərindən biri sayılan Luwak qəhvəsinin təməli qoyuldu.

Müasir dövrdə bu qəhvənin sağlamlığa faydalı olduğu da tez-tez vurğulanır. Deyilir ki, əsl Luwak qəhvəsi diş sağlamlığını qoruyur, immuniteti gücləndirir, bəzi xəstəliklərin, o cümlədən şəkərli diabet və öd kisəsi problemlərinin yaranma riskini azalda bilər. Lakin burada əsas şərt onun həqiqi olmasıdır. Çünki son illərdə bazarda saxta məhsulların sayı artmış və bu nadir qəhvənin adı altında keyfiyyətsiz məhsullar satışa çıxarılmışdır. Beləliklə, Luwak qəhvəsi yalnız dadı ilə deyil, həm də arxasında gizlənən mürəkkəb, bəzən isə mübahisəli hekayəsi ilə seçilən unikal bir içkidir.

Məqalə: https://www.aboutcoffee.org/origins/history-of-coffee/

Tərcümə edən və hazırlayan: Məcidli Mədinə