Xəbərlər

“Qızların təhsilinə dəstək” layihəsinin II məzun günü qeyd olunub

İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının II məzun günü keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib.

Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları, dövlət və özəl sektorun nümayəndələri və layihənin məzunları iştirak ediblər.

Məzun günü layihəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra açılış nitqləri dinlənilib.

Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, milli-mənəvi dəyərlər əsasında formalaşaraq müasirliyə açıq olan, mükəmməl təhsil alan və ictimai məsuliyyətini dərk edən hər bir qadının uğuru xalqın bu günü və sabahının təməlidir.

Bahar Muradova tədbirdə iştirak edən xüsusi qonaq – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın layihəyə, bütövlükdə Azərbaycan qadınının təhsilinə və inkişafına göstərdiyi diqqətin, davamlı və səmimi dəstəyin mühüm əhəmiyyət daşıdığını bildirib. Leyla Əliyevanın uşaq və gənclərlə bağlı irəli sürdüyü təşəbbüslər qızlar üçün ilham mənbəyidir.

Bahar Muradova bildirib ki, bugünkü qadınlar uzaq və yaxın tarixdə önə çıxmış Hənifə xanım Zərdabi, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və Şəfiqə xanım Əfəndizadə kimi maarifçi qadınların irsinin davamçılarıdır.

“Qızların təhsilinə dəstək” layihəsi artıq müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib və layihənin icra olunduğu beş il ərzində ümumilikdə 593 gənc qadın bu imkanlardan yararlanıb. “Hənifə Məlikova-Zərdabi proqramı çərçivəsində son beş ildə 239 tələbə qıza dəstək göstərilib. Həmin tələbələr ölkənin 60-dan artıq şəhər və rayonunu, 31 ali təhsil müəssisəsini təmsil edirlər” – deyə o əlavə edib.

Bahar Muradova qeyd edib ki, artıq “Qarabağda təhsil” ifadəsi leksikonumuza daxil olub. Dəstəklədiyimiz tələbələrdən 10 nəfəri hazırda Qarabağ Universitetində təhsilini davam etdirir.

Bahar Muradova əlavə edib ki, “Arzumuz var” təqaüd proqramından indiyədək 22 nəfər yararlanıb. Bu gün layihənin müxtəlif proqramları üzrə 66 məzun ali təhsilini başa vurur.

Ötənilki məzunlarla birlikdə artıq 125 gənc qadının bu layihələrin məzunu olduğunu və onlardan 20 nəfərin ali təhsilini fərqlənmə diplomu ilə başa vurduğunu qeyd edən Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, layihənin mənəvi baxımdan ən həssas və qürurverici istiqamətlərindən biri “Sən Tək Deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramıdır. Bu günə qədər 34 şəhid xanımı həmin layihəyə cəlb olunub. Vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əmanəti olan xanımların təhsil alaraq müxtəlif sahələr üzrə peşəkar kimi yetişməsinə, dövlət və ictimai həyata qatılmasına yönələn səylərin artırılması çox vacibdir.

Bahar Muradova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas hədəfi insan kapitalının inkişafıdır. Dövlət Komitəsinin sədri, həmçinin Mehriban Əliyevanın təhsilə, mədəniyyətə, qadınlara və uşaqların mənafeyinə yönələn fəaliyyətini və sosial təşəbbüslərini xüsusi vurğulayıb.

Dövlət Komitəsinin sədri qızların cəmiyyətə inteqrasiyasına və gələcəkdə məşğulluğuna dəstək verməyə hazır olan tərəfdaşlara təşəkkür edib.

Sonda məzunlara müraciət edən Bahar Muradova onların fədakarlıq və çalışqanlıqla böyük uğur qazandıqlarını bildirib. O, məzunlara tarixə və milli irsə sahib çıxaraq əsl vətəndaş və peşəkar mütəxəssis kimi gələcək fəaliyyətlərində, peşəkar karyeralarında və şəxsi həyatlarında yeni zirvələr arzulayıb.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qadınların təhsilli olması anaların təhsilli olmasıdır. Anaların təhsilli olması təhsilin keyfiyyətli olmasına əsaslı şəkildə təsir edir. Bu təqaüd proqramının nəticələri artıq görünür deyə qeyd edən nazir vurğulayıb ki, hər bir məzun Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə töhfəsini verəcək: “Biz çox sevinirik ki, belə tədbir və təqaüd proqramı yüzlərlə xanımı əhatə edir. Ən kiçik yaşlardan başlayaraq qadınların təhsilini diqqətdə saxlamalıyıq. Ən aşağı yaşlardan qızların istər təhsilini, istər sosial məsələlərinə diqqət yetirməliyik. Biz cəmiyyətin inkişafı üçün qızlarımızın təhsilə əlçatanlığını təmin etməliyik” – deyə o əlavə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli təqdimatla çıxış edərək “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən təqaüd proqramları haqqında məlumat verib. O, müxtəlif istiqamətlər üzrə həyata keçirilən dəstək mexanizmləri, tələbələr üçün yaradılan imkanlar və qızların təhsilinin təşviqi istiqamətində görülən işlər haqqında iştirakçılara məlumat verib. Sədr, həmçinin layihənin nəticələri və iştirakçıların əldə etdiyi uğurlar barədə məlumat verib. Həyata keçirilən layihələrdə özəl sektorun roluna diqqət çəkən Nicat Məmmədli onları daha geniş əməkdaşlığa dəvət edib.

Daha sonra məzunlar, layihələrin onların həyatında oynadığı müsbət roldan danışıblar.

“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının və Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunu Əminə Əhmədova qeyd edib ki, layihə yalnız maddi dəstək deyil, eyni zamanda gənc qızlara inam və motivasiya qazandırııb. Tədbirdə çıxış etməkdən qürur və minnətdarlıq hissi duyduğunu vurğulayan məzun vurğulayıb ki, dövlətimiz maarifçilik ənənələrini yaşadır, Hacı Zeynalabdin Tağıyev, Ulu Öndər Heydər Əliyev kimi dəyərli şəxsiyyətlərin təhsilə və xüsusilə qadınların təhsilinə verdiyi önəm bu gün də davam etdirilir.

“Gələcəyə əmin addımlarla”  şəhid xanımlarının təhsilinə dəstək proqramının və Bakı Biznes Universitetinin məzunu Aytəkin Xəlilova bildirib ki, bu layihə bizə yalnız təhsil deyil, həm də özümüzə inam, gələcəyə ümid və daha güclü addımlamaq imkanı verdi. Şəhid ailələrinin gələcəyə inamla atdığı addımların dəyərləndirilməsi və dəstəklənməsi bizim üçün çox önəmlidir.

Davamında məzunlar mükafatlandırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.