Mədinə Məcidli • Xəbərlər

Qorxuların görünməyən xəritəsi: insan psixikasında nadir və qəribə fobiyalar

İnsan psixikası  bəzən məntiqə sığmayan, lakin fərd üçün son dərəcə real hiss edilən qorxulara da reaksiya verir. Fobiyalar məhz belə qorxulardır: müəyyən obyektə, vəziyyətə və ya anlayışa qarşı həddindən artıq, nəzarətdən kənar və davamlı qorxu hissi. Qorxular insanın gündəlik həyatına təsir edir, davranışlarını dəyişir və bəzən sosial münasibətlərinə belə mane olur.

Barofobiya cazibə qüvvəsinə və ya ağırlıq hissinə qarşı yaranan qorxudur. Bu fobiyaya sahib insanlar özlərini yerə bağlı hiss etməkdən, yıxılmaqdan və ya çəkisizlik vəziyyətinə düşmək ehtimalından narahatlıq keçirirlər. Onlar üçün yerin cazibəsi belə təhlükə kimi qəbul edilə bilər. Belə vəziyyət adətən panik hiss, başgicəllənmə və bədənin qeyri-sabit hiss olunması ilə müşayiət olunur.

Pediyofobiya kuklalardan qorxmaqdır. Xüsusilə insanabənzər kuklalar bu qorxunu daha da gücləndirir. Kuklanın “canlı kimi” görünməsi, lakin əslində cansız olması psixikada narahatlıq yaradır. Belə olduqda, insanlar kukla mağazalarından uzaq durur, filmlərdə də bu görüntülərdən çəkinirlər. Otomatonofobiya isə insan fiquruna bənzəyən, lakin canlı olmayan obyektlərə –robotlara və heykəllərə qarşı qorxudur. Bəzən pediyofobiyaya bənzəsə də, daha geniş sahəni əhatə edir. İnsan beyni canlı ilə cansız arasındakı sərhəd pozulduqda narahatlıq keçirir və bu cür narahatlıq güclü qorxuya çevrilə bilər.

Skopofobiya insanların baxışlarından qorxmaqdır. Bu fobiyaya sahib olan şəxs başqalarının ona baxdığını hiss etdikdə ciddi narahatlıq keçirir. Sosial fobiya ilə sıx bağlıdır və insanın ictimai mühitlərdən uzaqlaşmasına səbəb ola bilər. Sadə bir göz təması belə panik reaksiyaya səbəb ola bilər. Lisoptrofobiya güzgülərdən və ya öz əksini görməkdən qorxmaqdır. İnsan özünü tanımaqdan, dəyişiklikləri qəbul etməkdən və ya şüuraltı qorxularla üzləşməkdən çəkinə bilər. Bəzi hallarda bu fobiya mistik inanclarla da əlaqələndirilir.

Meqalofobiya böyük obyektlərə qarşı qorxudur. Göydələnlər, nəhəng heykəllər və ya okean kimi geniş məkanlarla bağlı ola bilər. Belə insanlar böyük ölçülü şeylərin yanında özlərini kiçik və müdafiəsiz hiss edirlər. Kranofobiya kəllə və ya baş sümüyü ilə bağlı qorxudur. Daha çox ölüm anlayışı ilə əlaqələndirilir. İnsan kəllə gördükdə və ya bu barədə düşündükdə güclü narahatlıq hiss edə bilər. Bəzən travmatik təcrübələrlə bağlı olur.

Qlobofobiya şarlardan qorxmaqdır. Əksər insan üçün adi əyləncə vasitəsi olan şarlar bu fobiyaya sahib şəxslər üçün təhlükə mənbəyi kimi görünür. Xüsusilə şarın partlama ehtimalı qorxunu gücləndirir. Tripofobiya kiçik və sıx deşiklərdən ibarət naxışlara qarşı yaranan narahatlıqdır. Arı pətəyi, lotus toxumu və ya bəzi dəri görüntüləri bu hissi ortaya çixara bilər. Klassik fobiya sayılmasa da, çox yayılmış psixoloji reaksiyadır və insanlarda qaşınma hissi və narahatlıq yaradır.

Submekanofobiya suyun altında yerləşən süni obyektlərə qarşı qorxudur. Batmış gəmilər, sualtı heykəllər və ya platformalar bu fobiyanı yaradır. Suyun bulanıqlığı və obyektlərin tam görünməməsi qorxunu daha da artırır. Apeirofobiya sonsuzluq anlayışından qorxmaqdır. Abstrakt bir anlayışa yönəlmiş qorxudur. İnsan kainatın sonsuzluğu, zamanın bitməzliyi və ya ölüm sonrası anlayışlar haqqında düşündükdə dərin narahatlıq keçirə bilər. İnsanın varlıq anlayışını sarsıda bilər.

Fobiyaların hər biri fərqli səbəblərdən yaransa da, ortaq cəhətləri insan beyninin təhlükəni necə qəbul etməsi ilə bağlıdır. Bəzən bu qorxular uşaqlıq travmalarından, bəzən sosial təcrübələrdən, bəzən isə sadəcə şüuraltı assosiasiyalardan yaranır. Ən vacibi isə odur ki, fobiyalar psixoloji reaksiyadır və düzgün yanaşma ilə – terapiya, maarifləndirmə və bəzən peşəkar yardım vasitəsilə – idarə oluna və azaldıla bilər.

Hazırladı: Mədinə Məcidli