Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclik bu günümüz, gələcəyimizdir!” adlı material hazırlanıb.
“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, materialda Beynəlxalq Gənclər Gününün yaranma tarixi və mahiyyəti, gənclərin müasir cəmiyyətin inkişafında oynadığı mühüm rol, onların sosial, ictimai, elmi, mədəni və digər sahələrdə fəallığı haqqında məlumatlar öz əksini tapıb.
Elektron materialda Azərbaycanda gənclər siyasətinin formalaşması və inkişafı, gənclərə göstərilən dövlət qayğısı, onların təhsil, elm, innovasiya, məşğulluq və ictimai fəaliyyət sahələrində öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda gənclərin ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirakının, onların milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik prinsiplərinə bağlılığının əhəmiyyəti diqqətə çatdırılır. Təqdimatda Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin formalaşmasında göstərdiyi tarixi xidmətlərdən, gənclərə olan xüsusi diqqət və qayğısından, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs olunur.
Materialda Azərbaycan gəncliyinin Vətən müharibəsi zamanı həm döyüş meydanında, həm də informasiya məkanında nümayiş etdirdiyi yüksək vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri də xüsusi vurğulanır.
Bu elektron material gənclərin cəmiyyətin inkişafındakı rolunu diqqətə çatdırmaq, onların potensialını, nailiyyətlərini və gələcəyə dair məsuliyyətini geniş auditoriyaya təqdim etmək məqsədilə hazırlanıb.
“Gənclik bu günümüz, gələcəyimizdir!” adlı material kitabxananın rəsmi saytında yerləşdirilib.



