Xəbərlər

Romada beynəlxalq kitabxana konfransı: Azərbaycanın rəqəmsal təcrübəsi diqqət mərkəzində

İtaliyanın paytaxtında Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda beynəlxalq konfrans başa çatıb.

Konfransın milli kitabxanaların qabaqcıl təcrübələrinə, innovativ layihələrinə və beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinə həsr olunan sessiyasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası: milli irsin qorunmasından qlobal informasiya məkanına” mövzusunda məruzə və təqdimatla çıxış edib.

“Füyuzat” xəbər verir ki, kitabxanadan bildirilib ki, təqdimatdan əvvəl iştirakçılara Azərbaycan Milli Kitabxanasının tarixi, zəngin fondları və müasir fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.

Kərim Tahirov çıxışında müasir informasiya cəmiyyətində milli kitabxanaların mədəni irsin qorunması, rəqəmsallaşdırılması və qlobal informasiya məkanına inteqrasiyasında oynadığı roldan bəhs edib. O, Milli Kitabxananın elektron kataloqu üçün biblioqrafik yazıların hazırlanmasında süni intellekt texnologiyalarının tətbiqi, müxtəlif əlifbalarda nəşr olunmuş yazılı irsin optik simvol tanıma (OCR) texnologiyası vasitəsilə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin süni intellekt əsasında həyata keçirilən “Audiokitab” layihəsinin milli ədəbi irsin daha geniş auditoriyaya çatdırılmasındakı əhəmiyyətini vurğulayıb.

Direktor “Milli-mənəvi dəyərlərin vətənə qayıdışı” layihəsi çərçivəsində xarici ölkələrin kitabxana və muzeylərində qorunan Azərbaycan mütəfəkkirlərinə məxsus 560 əlyazmanın elektron nüsxəsinin əldə edildiyini, onlardan 200-nün orijinala uyğun formatda nəşr olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunan professor bildirib ki, Azərbaycan Milli Kitabxanası 130-dan artıq ölkənin milli və universitet kitabxanaları ilə kitab mübadiləsi aparır, xarici ölkələrin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı bölmələrinin yaradılmasını təşviq edir. Bu təşəbbüslər milli-mənəvi irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, elmi və mədəni əlaqələrin genişləndirilməsinə töhfə verir.

Sessiyada Fransa Milli Kitabxanasının prezidenti Gilles Pecoutun “Dünya kitabxanası: Fransa Milli Kitabxanasının tarixdə yeri və mədəni diplomatiyanın gələcəyi”, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Scholzenin isə “Kolleksiyalardan infrastruktura: rəqəmsal kolleksiyalar milli kitabxanaların rolunu necə dəyişir?” mövzularında məruzələri dinlənilib.

Konfransın növbəti və yekun sessiyalarında Roma Mərkəzi Milli, Belçika Kral, Çin Milli, İsgəndəriyyə və Vatikan Apostol kitabxanalarının, eləcə də Britaniya Kitabxanası, Cənubi Koreyanın Dünya Yazı Sistemləri Milli Muzeyi, Şimali Makedoniyanın “Müqəddəs Kliment Ohridski” Milli Universitet Kitabxanası və İtaliya Mədəniyyət Nazirliyinin Rəqəmsallaşdırma və Kommunikasiya üzrə Baş Direktorluğunun rəhbər şəxsləri və nümayəndələri məruzələrlə çıxış ediblər.

Müzakirələrdə rəqəmsal texnologiyaların və süni intellektin kitabxana işində tətbiqi, mədəni irsin mühafizəsi, innovativ xidmətlərin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekununda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnoloya Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən “Tükənməz xəzinə” (“Boundless Treasure”) kitabını və ölkəmizin xəritəsini hədiyyə edib.

Öz növbəsində, Stefano Campagnolo Kərim Tahirova Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi münasibətilə xüsusi hazırlanmış, Kolizeyin qədim görünüşünü əks etdirən XVI əsrə aid qravüranın reproduksiyasını təqdim edib. Məhdud sayda – cəmi 30 nüsxədə çap olunan reproduksiyanın 19-cu nüsxəsi Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.