İnsan həyatı bir səhnədirsə, bu səhnədə saysız-hesabsız rollar var: ailə, tanış, müəllim, qonşu, iş yoldaşı və əlbəttə ki, dost. Bəzən isə bu rollar içində biri daha da səssiz, daha da gizli, amma bir o qədər dəyərli olur sirdaş kimi. Onlar çox zaman bir-birinə bənzəyir. Eyni sevinci, eyni ağrıları bölüşürlər, bəzən eyni fotolarda bir-birinə sarılmış görünürlər. Amma bu zahiri bənzərliklərin dərinliyində çox incə bir xətt uzanır: sirdaşla dost arasındakı fərq xətti.
İnsan yaşa dolduqca başa düşür ki, hər kəsə hər şeyi demək olmaz. Hər təbəssüm sevincdən, hər toxunuş səmimiyyətdən xəbər vermir. Elə insanlar var ki, illərlə dost sandığın halda bir gün susqunluğunla belə səni başa düşməzlər. Elələri də var ki, təsadüfi bir söhbətdə səssiz qapılarını sənə açar, sirrini bölüşər və sən də istər-istəməz onların sirdaşı olarsan.
Dost insanın çiyninə baş qoyduğu, dar günündə zəng etdiyi, çay süfrəsində zarafatlaşdığı biridir. Onunla həyat yolu da asanlaşar, gündəlik qayğılara bir az da yumor qatıla bilər. Ancaq sirdaş bir başqadır. Sirdaş sənin qaranlığını da bilir, çünki sən ona işığın çatmadığı hissələrindən danışırsan. Səni üzən, qorxudan, bəzən heç özünlə belə üzləşməyə cəsarət etmədiyin duyğuları ona açıqlayırsan. Sirdaş sənin sözünlə yox, sükutunla danışan, ifadə etmədiyin kədərləri anlayan biridir.
Sirdaşlıq böyük bir məsuliyyətdir. Bu sadəcə qulaq asmaq deyil. Dinləmək, amma hökm etməmək; eşitmək, amma yaymamaq; başa düşmək, amma dəyişdirməyə çalışmamaqdır. Sirdaş səninlə birgə o sirri daşıyan insandır. O səni sən etdiyin səhvlərlə, qorxularınla, gizlində saxladıqlarınla birlikdə qəbul edən biridir.
Bəzən insanlar düşünür ki, uzun illər dostluq etmişik, bir-birimizi çox yaxşı tanıyırıq. Amma bu, həmişə doğru deyil. Həqiqətən tanımaq üçün bir insanın öz iç dünyasını sənə etibar etməsi lazımdır. Bu etibar illərlə dostluqla qazanılmaya da bilər, bir neçə ayda qurulan dərin münasibətlə də mümkündür.
Hər dost sirdaş ola bilmir. Bəzən ən yaxın dostunla gülərsən, oynayarsan, dərdlərini danışarsan, amma sirrini paylaşmazsan. Çünki onun səni nə qədər sevdiyini bilsən də, o sirri necə daşıyacağını bilməzsən. Onun hər sözünü başqasına çatdırmayacağına əminsən, amma səni anlayacağına, səni mühakimə etməyəcəyinə əmin deyilsən. Elə bu məqamda dostluqla sirdaşlıq arasındakı fərq ortaya çıxır.
Sirdaş səni yalnız xoş anlarınla deyil, bütün qaranlığınla da qəbul edir. O səni dəyişdirməyə çalışmadan dinləyir. Onun yanında özünü nə cür göstərməyə ehtiyac duymazsan. Sözlərin təntənəli, düşüncələrin seçilmiş olmaz. Sadəcə “sən” olarsan. Bəzən bir mesajla ürəyini boşaltmaq istədiyin adam odur. Bəzən səssiz qalmaq istədiyin, amma yanında olmaq istədiyin adam da odur.
İnsan həyatında çox dostu ola bilər, lakin sirdaşı az olar. Hətta bəzən yalnız bir nəfər… Bəzən heç kim. Çünki sirdaş seçilmir, o, zamanla, sədaqətlə, inamla formalaşır. Və bəzən də ən gözəl dostluq sirdaşlıqla başlayar.
Ən gözəl dostluqlar sirdaşa çevrilə biləndir. Amma bu, çox az insana qismət olar. Əgər sənin həm dostun, həm sirdaşın varsa, o zaman sən çox bəxtiyarsan. Çünki sən sadəcə bir çiyin yox, bir ruh yoldaşı tapmısan.
Dostlarınızla sevinin, güldüyünüz qədər ağlayın da. Amma sirdaşınızı qoruyun, çünki o, təkcə dost deyil. O, sizin həyat sirlərinizin daşıyıcısı, ruhunuzun səssiz şahididir.