Xəbərlər

Rusiya ABŞ-a yeni səfir təyin edib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri təyin edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Verilən məlumata görə, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

“Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçisi təyin edilsin”, – sərəncamda qeyd olunub.

Qeyd edək ki, 64 yaşlı Darçiyev Moskva Dövlət Universitetinin məzunudur. 1992-ci ildən diplomatik xidmətdədir, ingilis və fransız dillərini bilir. 10 il (1997-2002 və 2005-2010) Rusiyanın Vaşinqtondakı səfirliyində işləyib. Onun o vaxtkı müdiri, indi isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Darçiyevi Amerika məsələlərini mükəmməl başa düşən ixtisaslı mütəxəssis kimi təsdiq edib.