Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dekabrın 4-də qüvvəyə minib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Verilən məlumata görə, dekabrın 4-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və KXDR xarici işlər nazirinin müavini Kim Çenq Qyu ratifikasiya sənədlərinin mübadiləsinə dair protokol imzalayıb.
“İki ölkə arasında yeni müqaviləyə əsaslanan münasibətlər beynəlxalq strateji sabitliyə zəmanət verəcək və ədalətli çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirəcək. Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə əsaslanan güclü Koreya-Rusiya münasibətləri iki ölkə xalqlarının rifahına kömək edən, regionda vəziyyəti yumşaldaraq və beynəlxalq strateji sabitliyə təminat verən güclü təhlükəsizlik mexanizmi kimi xidmət edəcəkdir”, – agentlik qeyd edib.