Aktual Xəbərlər

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda iqtisadi problemlərə səbəb ola bilər? – Fazil Mustafa açıqladı

“Dünyanın hər yerində dövlət büdcəsi müzakirələri zamanı müxtəlif ssenarilər nəzərdən keçirilir. Kritik situasiyaların hər biri düşünülür, hökumət tərəfindən ona adekvat tənzimləyici addımlar nəzərə alınır”.

“Füyuzat”ın məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc “Turan”a parlamentdəki çıxışını şərh edərkən bildirib.

Z.Oruc qeyd edib ki, hazırda beynəlxalq iqtisadi, siyasi şərait, təhlükəsizlik durumu günbəgün dəyişir. Onun fikrincə, Qərb ölkələrinin noyabrın 19-dan ATACMS, “Storm Shadow” raketləri ilə Ukraynaya Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa icazə verməsi və onun ardınca Rusiyanın “Oreşnik” silahını işə salması artıq onu deməyə əsas verir ki, müharibə yeni fazaya keçib: “Yaxın Şərqdə də vəziyyət hələ mürəkkəbdir. Geosiyasi düstur var: əgər 500 kilometr məsafədə savaş varsa, bu o deməkdir ki, sənin iqtisadi, siyasi, ticarət əlaqələrin böyük dərəcədə təhlükəyə düşə bilər”.

Deputatın sözlərinə görə, daha təhlükəsiz ölkələrlə alternativ əlaqələri də gücləndirmək gərəkdir: “Lakin məsələnin başqa tərəfi də ondan ibarətdir ki, müharibənin miqyası və şiddəti artırsa, humanitar böhran dərinləşə bilər. Bu əsnada mən hökumətə yalnız neft qiymətləri yox, ərzaq təhlükəsizliyi məsələsini nəzərə almasını təklif etmişəm. Bildirmişəm ki, xalqımızla açıq danışmalıyıq, deməliyik ki, Rusiya-Ukrayna savaşı fonunda 100 minlərlə qeyri-azərbaycanlı qaçqın kütləsi daxil ola bilər”.