Sakit, bir qədər də coşqun bir dəniz… Kənardan durub baxanda sanki ruhumu da içinə sovurur, gur dalğaları ilə çırpır və oyatmağa çalışır. Dalğalar arasında çırpınaraq özümü tapıram, lakin boğuluram. Çox qəribədir, mən qorxmuram. Çünki bura təmiz və şəffafdır, göründüyü kimidir. Buradan sahil çox təhlükəli görünür. Baxışlarım dalıb uzaqlara gedir, gözlərimdəki o işıq qağayıtək uzaqlara uçur, ancaq bu çox çəkmir, o öz məskəninə tez qayıdır. Buradan dənizlə səma qovuşmuş kimi görünür. Aralarında heç bir əngəl yoxdur. Onları ayıracaq yer üzündə nə binalar, nə təyyarələr, nə də insanlar var. Onlar çox xoşbəxtdirlər, çünki cəmiyyətdən uzaqdadırlar. Burada buludlar səmanı qucaqlayıb, dalğalar dənizi qoynuna basan kimi… Buludlar tənhadır, səhərdən küsüb yağmağa başlayır, dəniz yorğundur, artıq bezərək özünü qayalara çırpır.
Bax bütün bunlar kainatın sirləridir. Ayla Günəşin imkansız sevgisi, ulduzların yerdə gəzmək arzusu, buludların səmadan ayrılıb dənizə qarışmaq istəməsi kimi imkansız…
Burada – ən dib hissədə mənim duyğularım yatır. Dəniz çox dərindir, duyğularım nəfəs almaqda çətinlik çəkir, lakin ümidlərə sığınır. Bu ümidlərin onu bir gün dərin dalğalar arasından mavi səmadakı sonsuzluğa ucaldacağını hiss edir.
Dənizlə səmanın birləşdiyi yer… Əslində, bura heç yoxdur. Bu insanın həqiqət axtarışıdır. Belə çıxır, həqiqət də yoxdur? Yox, bu belə deyil. Kainatın yeganə həqiqəti var, insan ona yaxınlaşdıqca, o uzaqlaşır. Dəniz səmaya çatmaq, onda boğulmaq istəyir. Səma isə dənizdə can verir. Dünya da bir kənardan bu intihara şahidlik edir.
Üfüq bəşəriyyətin ən böyük yalanıdır. Burada çox şey var, amma heç nə yoxdur. Burada nə dəniz bitir, nə də səma başlayır. Nə günəş çıxır, nə də ay batır. Dənizlə səma qovuşur. Dəniz buxarlanır, dumanla əbədi qovuşur.
Dəniz göy üzünün yerə enmiş mavi ruhudur, səma isə dənizin heç vaxt çata bilməyəcəyi sonsuzluq arzusu. Bəs mən? Mən kiməm? Bu iki sonsuzluğun arasında sıxışıb qalan, torpağa zəncirlənmiş şahid? Axı bu çox qəribədir. Üfüq xəttinə baxıb fikrə dalıram. Axı burada nə su bitir, nə də hava başlayır. İnsan bu naməlum sonsuzluğun içində nədir bəs? Bədəni torpaq, hissləri dəniz qədər dərin və fırtınalı, düşüncələri isə səma qədər sərhədsiz. Bax, duman enir. Dəniz və səma yenə görüşür. Səma dənizə qarışır, dəniz isə dünyanı udur. Geridə yenə də bir boşluq qalır. Mən isə bu boşluğun içində ilk dəfə hər şey olduğumu hiss edirəm.
Dəniz də zaman kimidir. Hər şeyi udur və öz dərinliklərində saxlayır, lakin birdə geri qaytarmır. Səmada isə xəyallar gəzişir, gələcəyinə qaçmağa çalışır. Səma buludsuz olanda dəniz də sakit olur. Səmada şimşək çaxanda dəniz də qəzəblənir. İnsan həm dənizin dərinliyində batmaqdan, həm də səmanın yüksəkliyindən yerə düşməkdən qorxur. Dünya isə bu iki qorxulu sonsuzluğun özüdür.
Səma dənizə baxıb öz ucalığını görür, dəniz isə öz dərinliyi ilə qürrələnir. Dünya da bu iki aşiqin arasında əzilən bir qum dənəsidir. Balıqlar səmanı dərk edə bilməz, quşlar isə dənizin dibini… İnsansa bu ikisini xəyal edən, ancaq heç birinə aid olmayan tək varlıqdır. Biz, bu iki möhtəşəmliyin şahidi olan – yer üzünün, sonsuzluğun sakini olan canlılarıq. Biz səmadan baxanda bir qum dənəciyi, sahildən baxdıqda isə səmanın ovcundakı ulduzlarıq.
Əslində, biz heç kimik…
Müəllif : Azuqə Səttarova



