Xəbərlər

Sosial Tədqiqatlar Mərkəzinin 6 yaşı olur

Sosial Tədqiqatlar Mərkəzinin (STM) bu gün 6 yaşı olur.

“Rəyiniz işimizdir!” devizi altında altı illik (2019-2024) fəaliyyəti dövründə Azərbaycanda sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib.

Ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib.

Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib.

Mərkəzin faktiki fəaliyyətə başladığı 2019-cu ilin aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edib.

STM yarandığı vaxtdan etibarən Prezidentin daxili və xarici siyasət sahəsindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları keçirib və bunun əsasında təhlil xarakterli analitik hesabatlar, icmal sənədləri təqdim edib. Sorğular Azərbaycanda davamlı aparılması baxımından ilk dəfə olmaqla yanaşı, dünya təcrübəsində “İnam indeksi” kimi məlum olan, dövlət başçılarına ictimai rəydə etibar, dəstək reytinqlərini müəyyən edən tədqiqatlarda tətbiq edilən elmi metodlarla aparılıb.

“Prezidentin fəaliyyəti ictimai rəydə: İnam indeksi” silsiləsindən 6 illik dövr ərzində 13 sorğu layihəsi həyata keçirilib. Hesabat dövründə Mərkəzin əməkdaşları tərəfindən ictimaiyyətə açıq və qapalı olmaqla ümumilikdə 145-dən çox analitik hesabat, təhlil və icmal sənədi, 800-dən çox tədqiqat, siyasət, mövqe və təklif sənədi, 13 kitab layihəsi, 190-dan çox elmi məqalə, 820-dən çox analitik şərh, ekspert dəyərləndirməsi və elmi-publisistik yazılar hazırlanıb. STM əməkdaşları beynəlxalq və respublika səviyyəli 187 elmi konfrans, seminar, vebinar və təlimlərdə iştirak edib.

“Füyuzat” jurnalı olaraq dəyərli STM kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.