Xəbərlər

Sözlə yaşayanların son sözləri

Ədəbiyyat tarixində yazıçılar əsərləri ilə yanaşı, həyat tərzləri, düşüncə formaları və ölümə yanaşmaları ilə də yadda qalıblar. Onların vəsiyyətləri isə çox vaxt bir növ son əsər kimi qəbul olunur, çünki bu müəllifin dünyaya son baxışı, qorxuları və ya ümidlərinin ifadəsidir. Bəzi yazıçılar vəsiyyətlərində son dərəcə sadə və təvazökar qərarlar verərkən, digərləri olduqca qeyri–adi, bəzən təəccübləndirici istəklər irəli sürüblər.

Mark Tven özünəməxsus yumoru ilə tanınırdı və bu xüsusiyyət onun ölümə münasibətində də hiss olunurdu. O, vəsiyyətində böyük təmtəraqdan uzaq, sadə dəfn olunmaq istədiyini bildirmişdi. Tven üçün ölüm belə həyatın ironik davamı idi. O, həmişə məşhurluğun şişirdilmiş tərəflərinə istehza ilə yanaşırdı və ölümündən sonra belə diqqət mərkəzində olmaq istəmirdi. Maraqlıdır ki, o, doğulduğu ildə görünən Halley kometinin növbəti gəlişi ilə eyni ildə – 1910-da vəfat etdi və bunu əvvəlcədən zarafatla demişdi.

Corc Bernard Şou isə daha sərt və prinsipial mövqe sərgiləmişdi. O, ənənəvi dini mərasimləri qəbul etmirdi və vəsiyyətində dəfn mərasimində heç bir dini ayinin keçirilməməsini istəmişdi. Hətta daha irəli gedərək, bədəninin yandırılmasını və külünün həyat yoldaşının külü ilə qarışdırılmasını və birlikdə saxlanılmasını arzulamışdı. Həmçinin, o, yeni fonetik əlifbanın hazırlanmasını və yayılmasını istəyirdi. Onun vəsiyyətinə əsasən, Ronald Kinqsley Rid tərəfindən süni əlifba dizayn edildi.

Çarlz Dikkens isə həyat boyu qazandığı şöhrətə baxmayaraq, ölümündə sakitlik arzulayanlardan idi. O, izdihamlı və nümayişkaranə dəfn mərasimlərinə qarşı idi və vəsiyyətində mümkün qədər sadə, diqqətdən uzaq dəfn olunmağı istəmişdi. Dikkens vəsiyyətnaməsində dəfn mərasimində iştirak edənlərdən qara lent, plaş, uzun papaq və ya oxşar dəbdəbəli yas aksesuarları taxmamalarını xahiş etmişdi.

Henrix Heyne isə ölümə daha emosional və poetik yanaşan yazıçılardan idi. O, vəsiyyətində qəbrinin üzərində heç bir dini simvol və ya rəsmi bəzək istəmədiyini bildirmişdi. Heyne üçün ölüm belə fərdi azadlığın bir hissəsi idi və o, ənənəvi çərçivələrdən uzaq qalmaq istəyirdi. Bütün əmlakını həyat yoldaşı Matilda Heyneyə, yalnız onun yenidən evlənməsi şərti ilə qoyub gedəcək.

Ən dramatik və eyni zamanda ədəbiyyat tarixində ən çox müzakirə olunan vəsiyyət isə Franz Kafkaya məxsusdur. Kafka ölümündən əvvəl dostu Maks Broda bütün əsərlərini yandırmağı tapşırmışdı. O, yazdıqlarını kifayət qədər mükəmməl hesab etmir, hətta onların nəşr olunmasını istəmirdi. Lakin Maks Brod bu vəsiyyəti yerinə yetirmədi və Kafkanın əsərlərini çap etdirərək onu dünya ədəbiyyatının ən böyük adlarından birinə çevirdi. Bu hadisə ədəbi baxımdan maraqlı bir sual doğurur: müəllifin son istəyi daha önəmlidir, yoxsa insanlığın qazandığı mədəni irs?

Oskar Vayld ölümündən əvvəl Parisdəki otel otağının divar kağızı ilə bağlı məşhur sözünü demişdi: “Ya o gedəcək, ya mən.” Onun vəsiyyəti də həyatındakı estetik həssaslığı əks etdirirdi. Volter isə kilsə ilə olan gərgin münasibətlərinə görə dini mərasimlərdən uzaq dəfn olunmuşdu.

Bütün bu vəsiyyətlər bir şeyi açıq şəkildə göstərir ki, yazıçılar ölüm qarşısında belə öz fərdi dünyagörüşlərindən imtina etmirlər. Kimisi sadəlikdə azadlıq tapır, kimisi ənənələri rədd edir, kimisi isə öz yaradıcılığına belə şübhə ilə yanaşır. Bu vəsiyyətlər insanın özünü necə xatırlanmaq istədiyinin ən səmimi ifadəsidir.

Hazırladı: Mədinə Məcidli