Suriyanın yeni hakimiyyət orqanları yanında təhlükəsizlik xidmətləri devrilmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarının təkrar hücumlarının qarşısını almaq üçün plan hazırlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə yeni hakimiyyətin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani məlumat verib.
“Növbəti mərhələdə təhlükəsizlik xidmətləri vətəndaşların sabitliyini və rifahını təmin etmək, ölkədə təhlükəsizliyi qorumaq üçün işləri gücləndirmək üçün tədbirlər görəcək. Onlar keçmiş rejimin qalan tərəfdarlarına qarşı mübarizəni başa çatdırmaq, həmçinin gələcəkdə hər hansı təhlükəni aradan qaldırmaq və Suriyanın kriminal hüceyrələrinin yenidən təşkilinin qarşısını almaq üçün yeni plan hazırlayıbla”, – Qani deyib.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən ağır atışmalar Əsəd ailəsinin mənsub olduğu Cebla şəhərində baş verib. Hakimiyyət yuxarıda adı çəkilən əyalətlərə ordu hissələri və zirehli texnika göndərib, əsas şəhərlərdə komendant saatı tətbiq edilib. Martın 8-də Suriyanın keçid hökuməti bölgədə təhlükəsizliyi bərpa etmək və Əsədi dəstəkləyən silahlı şəxslərin müqavimətini yatırmaq üçün sahilyanı ərazilərə əlavə ordu qüvvələri göndərib.