“Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ölkənin qərbində hücumlar təşkil edən keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını zərərsizləşdirə bilib”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını elan edərkən bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Latakiya vilayətinin bir sıra şəhərlərində və Tartus vilayətinin bir neçə yaşayış məntəqəsində əvvəlki rejimin qalıqlarının hücrələrini zərərsizləşdirə bilib və bunun nəticəsində təhdidlərin qarşısını almaq və regionun təhlükəsizliyini təmin etmək mümkün olub.
“Biz devrilmiş rejimin qalıqlarının və onun zabitlərinin hücumlarını dəf edə bildik. Onların strateji mərkəzlərə çatmasının qarşısını ala bildik və əksər ictimai yolların təhlükəsizliyini təmin etdik”, – MN sözçüsü bildirib.
“Bu nailiyyətlə biz yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün həyata keçirilən hərbi əməliyyatın başa çatdığını elan edirik, bundan sonra dövlət qurumları öz işini bərpa edə və əhalimizə zəruri xidmətləri göstərə bilərlər”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən ağır atışmalar Əsəd ailəsinin mənsub olduğu Cebla şəhərində baş verib. Hakimiyyət yuxarıda adı çəkilən əyalətlərə ordu hissələri və zirehli texnika göndərib, əsas şəhərlərdə komendant saatı tətbiq edilib. Martın 8-də Suriyanın keçid hökuməti bölgədə təhlükəsizliyi bərpa etmək və Əsədi dəstəkləyən silahlı şəxslərin müqavimətini yatırmaq üçün sahilyanı ərazilərə əlavə ordu qüvvələri göndərib.



