İyunun 16-da “Litera” kitab evində “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu ilə tanınmış jurnalist, yazar və publisist İbrahim Nəbioğlu arasında görüş baş tutub.
“Füyuzat” xəbər verir ki, görüş zamanı Samir Ramizoğlu ilk olaraq Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərdən, “MİMTA Yayımları”ndan və Fondun həyata keçirdiyi digər genişmiqyaslı layihələrdən söz açıb.
Məsul redaktor MİMTA Fondunun təsisçiliyi ilə işıq üzü görən “Füyuzat” və “İşıq” jurnallarının zəngin tarixi ənənələri və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, 100 il sonra “İşıq” və “Füyuzat” jurnallarının nəşrinin bərpasını, bu mətbuat orqanlarının maarifçilik missiyasını uğurla davam etdirməsini və Azərbaycanın mədəni irsinin təbliğindəki mühüm rolunu xüsusi vurğulayıb.
Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan İbrahim Nəbioğlu öz növbəsində “Füyuzat” irsinin bugünkü media məkanında rolunu yüksək qiymətləndirib, mətbuat tariximizin bu günü ilə keçmişi arasında qurulan bağın əhəmiyyətini qeyd edib.
Məlumat üçün bildirək ki, texniki elmlər namizədi olan İbrahim Nəbioğlu müxtəlif illərdə Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi və Fövqəladə və Səlahiyyətli Elçi missiyalarında çalışıb.



