İyunun 10-da “Litera” kitab evində müasir Azərbaycan ədəbiyyatının tanınmış siması, yazıçı-şair Qulu Ağsəsin “MİMTA Yayımları” tərəfindən nəşr olunmuş “Saat 6-nı gözləyirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutub.
“Füyuzat” xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və çoxsaylı kitabsevərlər iştirak ediblər.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatları, Aqil Abbas, Elçin Mirzəbəyli, “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu, ədəbiyyatşünas Məti Osmanoğlu çıxış ediblər.
Çıxışçılar Qulu Ağsəsin özünəməxsus yaradıcılıq üslubuna, bədii dilinin dərinliyinə və yeni nəşrin müasir ədəbi mühitdəki önəmli mövqeyinə diqqət çəkiblər.
Qeyd olunub ki, poetik dillə nəsr təfəkkürünün uğurlu vəhdəti olan bu toplu, həyatın mahiyyətini dərk etməyə çalışan oxucular üçün dəyərli bir ədəbi bələdçidir. Yeni nəşr müasir Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindən biri kimi dəyərləndirilir.
Kitabın müəllifi Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.
O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.
Kitab müəllifin daxili dünyasını, səmimi etiraflarını və qeyri-adi müşahidələrini əks etdirən müxtəlif mövzulu esselərdən ibarətdir.
Qeyd edək ki, “Saat 6-nı gözləyirəm” kitabı artıq “Litera” kitab evi və şəhərin digər kitab mağazalarında oxucuların ixtiyarına verilib.








