Xəbərlər

Türkiyədə qeyri-qanuni rusdilli məktəblərin fəaliyyəti yoxlanılacaq

“Antalya Ticarət və Sənaye Palatası lisenziyasız fəaliyyət göstərən rusdilli məktəblərə qarşı cinayət işi başlatmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumatda avqustun 26-da Antalyada iki yeni qeyri-qanuni məktəb və üç uşaq bağçasının yarandığı bildirilib.

“Lisenziyası olmayan və ya onları qanun pozuntusu ilə alan məktəblərlə rastlaşırıq. Qanunla istənilən təhsil fəaliyyəti dövlətin yurisdiksiyasında olmalıdır”, – deyə Türkiyə Ticarət və Sənaye Palatasının təhsil komitəsinin nümayəndəsi Kənan Çelik bildirib.

Çelik əlavə edib ki, qeyri-qanuni məktəblərin bəzi reklam broşürlərində milli təhsil sistemini aşağılayan ifadələr var. Həmçinin o qeyd edib ki, lisenziyasız təhsil müəssisələri xərclərin aşağı olduğunu və təhsilin keyfiyyətinin yüksəldiyini iddia edirlər.

Kənan Çelikin sözlərinə görə, palata ölkənin Təhsil Nazirliyinə və regional hakimiyyət orqanlarına şikayətlər verir, həmçinin cinayət işi açmağı planlaşdırır.