Mədinə Məcidli • Xəbərlər

Ümumdünya Xeyirxahlar Günü

Ümumdünya Xeyirxahlıq Günü hər il noyabrın 13-də qeyd olunur. Bu günün əsas məqsədi insanlara xeyirxahlığın, mərhəmətin, empatiyanın və qarşılıqlı dəstəyin həyatımızdakı əhəmiyyətini xatırlatmaqdır. İlk dəfə 1998-ci ildə Ümumdünya Xeyirxahlıq Hərəkatı ( World Kindness Movement) tərəfindən təsis edilən təşəbbüs zamanla müxtəlif ölkələrdə tanınmağa başlayıb. Bəzən düşünürük ki, dünyanı dəyişmək üçün böyük addımlar atmaq, mühüm qərarlar vermək və ya fövqəladə işlər görmək lazımdır. Halbuki, bəzi dəyişikliklər bir təbəssümlə, xoş sözlə, ehtiyacı olan birinə uzadılan əllə başlayır. Xeyirxahlıq məhz belə kiçik, lakin mənəvi dəyəri böyük davranışlarda gizlənir.

İnsanın dərdinə qulaq asmaq, yaşlı birinə kömək etmək, küçədə qarşılaşdığımız birinə gülümsəmək, ehtiyacı olanlarla imkanlarımızı bölüşmək və ya sadəcə kiməsə özünü dəyərli hiss etdirmək… Bunların hər biri xeyirxahlığın gündəlik həyatımızdakı təzahürüdür. Xeyirxahlıq insanlarla yanaşı heyvanlara, təbiətə və ətrafımızdakı bütün canlılara münasibətimizdə də özünü göstərir. Küçədəki heyvana su vermək, ağac əkmək, ətraf mühiti qorumaq və ehtiyacı olan canlıya yardım etmək də bu anlayışın bir hissəsidir.  Xeyirxahlıq qarşılıq gözləmədən edilən yaxşılıqdır. Onun dəyəri hansı niyyətlə edilməsindədir. İnsan bəzən başqasının həyatında nə qədər mühüm iz buraxdığını heç vaxt bilməz. Sonuncu dəfə nə vaxt kiminsə həyatını bir az da olsa gözəlləşdirmişik? Dünya insanların bir-birinə göstərdiyi kiçik diqqət və qayğı ilə də dəyişir. Yaxşılıq etmək üçün xüsusi tarixə ehtiyac yoxdur. Bəzən bir insanın dünyasını gözəlləşdirmək üçün sadəcə insan olmaq kifayətdir.

Bir yaxşılıq et, bəlkə də kiminsə dünyasında dəyişən ilk şey sənin davranışın olacaq.

Müəllif: Mədinə Məcidli