Köşə Yazıları Ş.Mahmud

Uşaqlar ağlayanda

Uşaq bir aləmdir, aləmlərdən özündə bir şeylər birləşdirən bir aləm.

– Uşaq bir işıqdır, işıq sellərini özündən keçirən bir işıq.

– Uşaq həqiqətdən bir dəlildir; o, fitrət dəlilidir.

– Uşaq nurun təcəllisinin nümunəsidir.

– Uşaq təbiətin gülzarı, dünyanın tacıdır.

Uşaq bir aləmdir. O aləmlə diqqətli olmaq – yazılmış və yazılmamış qanunauyğunluqdur. O aləmə göstərilən nəvaziş, xeyirxahlıq, mərhəmət, aləmlərə göstərilən ehtiram, insanlıq adına isə şərəfdir. Ora düzgün yönəlməmək – çirkinliyə düçar olmaq və aləmlərin sahibinə qarşı çıxmaqdır. O aləm fitrətə söykənən, gözəlliklərdən gələn, gah nağıl, gah gerçək, şirin, rəngarəng işıqlı bir dünyadır.

Uşaq aləmi, uşaq dünyası.

O aləmə toxunmaq olmaz, onun xəyal və həqiqət arasında keçən zamanına əl uzatmaq olmaz. O dünyanı qaraltmaq olmaz. Bizlər – böyüklər, gücü yetənlər onların dünyasını haqsızlığımızla, törətdiyimiz çəkişmələrlə, saxta maliyyə böhranları ilə, hakimiyyət mübarizələri ilə, müharibələrlə, dünya və onun içindəkilərə olan bitib-tükənməyən hərisliyimizlə qaraltmayaq. Çöhrələrindəki sevinci, dodaqlarındakı təbəssümü hərəkətlərimizlə yox etməyək. Bizdən asılı işləri elə qurmalıyıq ki, tanıdığımız-tanımadığımız bir uşaq belə pərişan olmasın – onlar ağlamasın. Uşaq dünyasını dağıtmaq, onları ağlatmaq Yer üzünün ən böyük ləkəsi və cinayətidir.

Uşaq ağlayır, içdən fəryad edə-edə.
Uşaq ağlayır, sanki dünya ağlayır.
Dünya, içindəki hər nə varsa, ağlayır uşaq ağlayanda.
Uşağı ağlatmayın, dünyanız sizdən inciyər. Sizdən yer–göy inciyər.

İncitməyin uşağı – ağlatmayın uşağı. Onların Allah kimi himayəçisi var. Mələklər onlara yürük tutar, telinə sığal çəkər, göz yaşını silər. Bu gözəl yaranış uşaq həqiqətini bilər, sirrini bilər. Onları oxşar, onları əzizlər. Mələklər uşağın gülüşünü yer üzünə səpər, torpaq sevinər – ətraf sevinər. Məkanı yarıb onlara mələk­lər gələr. Biz insanlarsa düz yanımızdaca olan bu məsum uşaqları görmürük, ya görməməzlikdən gəlirik.

Çox şeyləri görürük – ölkələri, var–dövləti, dünyanın “keyfini–ləzzətini”, ancaq mələklərin oxşadığı bu körpələri görmürük.

Allahın nəzəri üzərində olanlara bu nə diqqətsizlikdir?!
Bu da bir cür faciədir.

Zaman zaman üstünə gəlir, ancaq nə yaddaşlardan silinir, nə göz önündən gedir.

Xocalı… Uşaqların qışqırtısı: “Allah!”, “Ana!”, “Ata!” deyə fəryadlar! Körpələrin vücudlarına dəyən qatillərin atdığı güllələr, axan qan. Heç zaman yaddaşdan silinmir və silinməyəcək bunlar.

Körpə qanı axır, yer fəryad edir, göy fəryad edir.
Allah bu körpələrin qisasını alacaq o alçaq qatillərdən.
Xocalı faciəsi – uşaqların meyitləri yan-yana.

Bir ana uşağını qoynuna sıxmış, var gücüylə qorumağa çalışır yağı düşməndən. Bax beləcə də şəhid oldular. Ana şəhid olmuş körpəsini qucağına elə basmış ki, sanki südqoxulu balasının əlindən alınacağından qorxur, özündən qoparılmasını istəmir.

Ana şəhid – bala şəhid.

Tüfəngin süngüsünə taxılan körpə. Kiçik vücudu gülləbaran olan körpə. Bunları törədən əllər qurusun.

Sonra da deyirlər insanıq. Yırtıcı heyvan belə körpəyə qıymadığı halda, insan adlanan o qatillər körpələri gülləbaran edir.

Qudurmuş insan – vəhşiləşmiş insan. Yox, heyifdi insan adı onlara. Onlar – o qatillər insan deyil, iyrənc məxluqlardı; yaraşan da budur.

Ey dünyanın “güclüləri”, “mədəniləri”, “aliləri”, təkcə XX əsrə nəzər salınsa, nə qədər uşaq öldürüldüyü aydın olar. Onların kimisi gülləyə, kimisi bombaya, kimisi yandırılmağa, kimisi aclığa, kimisi “xəstəliyə” düçar oldu. “Mənəm-mənəm” deyənlərin, gücü, var-dövləti insanlıqdan üstün tutanların sayəsində oldu. Dünyada keçən yüzillikdə uşaq ölümü tüğyan etdi. Yenə də bu dəhşət davam edir, yenə də uşaqlar öldürülür. Bu uşaqlar ki cani deyil, qatil deyil, terrorist deyil. Onlar dünyanın çiçəkləridir. Dünya bağçasını xəzan etməyin – insanlığı rəzil etməyin. Durun!!!

Bütün peyğəmbərlər uşağı sevmiş və sevilməsini əmr etmiş. Ey bu peyğəmbərlərə inananlar, durun! Qəbul etdiyiniz peyğəmbərlər uşağa edilən zülmə “yox” deyir.

Sonuncu peyğəmbər Həzrəti Muhəmməd (s) uşaqları sevər, əzizlər və döyüşlərə gedilərkən “Onlara toxunmayın!” deyə qəti əmr edərdi.

Siz də insanlığın fəxrinin dediyinə riayət edin.

Uşaqlara toxunmayın, toxunmayın!

Dünya ətirsiz qalar, dünya qaralar, gələcəyimiz məhv olar.

Dünyanın bir çox yerlərində uşaqlar bir tikə çörəyə möhtacdır. Televiziyadan, qəzetlərdən, internet saytlarından görürük. Ordu-orduna yapışmış körpənin – Bir tikə çörək istəyir. Qarnı kürəyinə bitişmiş körpənin – Bircə loxma yemək istəyir. Bədən ərimiş, sümükləri əyilmiş, çıxmış – Körpə qayğı, diqqət istəyir, insaf, vicdan istəyir.

Bu nə biganəlik, bu nə faciədir?!
Başdan aşan var-dövlətin içindəkilər!..

Allah sizə verdiyindən siz də verin. Mal-mülk Aləmlərin Rəbbinindir – o isə sevərək “verin” deyir. Verin ki, malınız artsın; verin ki, qorunasınız, verin ki, sonunuz yaxşı olsun. Varınız-dövlətiniz imtahanınızdır. Unutmayın: sizin övladınız kimi o qayğıya möhtac olanlar da uşaqdır.

Yoxsa bir gün…

Sizin uşaqların oyuncaqları – müasir robotlar, kompüterlər. Onlarsa oynamağa taqətsiz və məhrumdurlar. Əsirlikdəki körpənin qarğısı belə yox, gəlincik düzəltsin. Qumluq belə yox, evcik düzəltsin.

Baxın, düşünün.

Hərəmiz bir azca diqqətli, mərhəmətli olsaq, nə qədər körpələr sevinər, körpələr gülər.

Sən evə gedəndə min nazla saxladığın övladın qarşına qaçır. Əlindəkiləri götürür, uşaq dünyasında toy-bayram olur. Ancaq bu gün dinləmək belə istəmədiyin, biganə qaldığın o kişi, o insan da atadır, valideyndir.

Evə getməyə utanır, uşağına aparacaq bir şeyi yoxdur. Bu nə baxış, bu nə fəlsəfə?!. Heçmi düşünməzsən səninki uşaqdır – onunki yox?!.

Qüdsi hədisdə Allah: “Südəmər körpələr olmasaydı”, – deyir. Bilirsiz arxasıyca nə gəlir: “Göyü – başınızın üstünü dəmir, yeri – ayağınızın altını mis edərdim, – buyurur. – Sonra isə göydən bir damla su düşməz, yerdənsə bir dənə belə çıxmazdı”.

Görün həyat nə qədər dözülməz, çətin olardı. Uşağa Uca Allah elə dəyər verər, elə dəyər verər…

Baxın ən çətin anda, ən çətin məqamda, Qiyamət adlanan zamanda uşaq şəfaət edər valideyninə. Qiyamətin o mürəkkəb anında uşaq şəfaətçiyə dönər.

Allahın dəyər verdiyi, mələklərin yürüyünü tutduğu, peyğəmbərlərin sığal çəkdiyi, böyüklərin sevdiyi uşaqları bizsə incidirik.

Bu nə cürətdir?!.

Bir sığınacaqdan, isti ocaqdan, bir tikə çörəkdən, sadə müalicədən, sevincdən, gülüşdən məhrum körpələr var.

Onlar ağlarsa, dünya hamımıza dar olar. Bir gün bu darlıq möhkəm əzər hamımızı.

Ey gücü yetib biganə qalanlar, ey “hər şey mənimdir” deyənlər! Dayandırın uşaq aclığını, uşaq çılpaqlığını, uşaq xəstəliyini, uşaq orqanlarının satılmağını, uşaq əsirliyini, dayandırın. Yoxsa bir gün dünya çox dar gələr.

Uşaq ağlayanda dünya ağlayar.

Uşaq təbəssümü təbiətə min sevinc bəxş edər.

Allahın rəhmətini, mələklərin şəfqətini dünya üzərinə gətirər.

Dünyanı bu gözəlliklərdən, nemətlərdən məhrum etməyək.