Ədəbiyyat

Vətənin vətəndaşı, bir işıq da sən yandır…

Gözlərinin qarasıtək zülmət olur bəzən hər şey, hər yer. Onun gözlərinə baxan təki hər yerdə özünü görürsən. Yoxa çıxır hamı, hər şey, işıqlar yananda bilirsən, qaranlıqdan qorxduğunu bilə-bilə kimlərin yanında olmadığını.

Bu qaranlığı sənmi yaratmışdın? Yoxsa Günəşmi bezib qürub etmişdi vaxtından əvvəl?..

Bir gün yorulsa Günəş Günəş olmaqdan, incisə insanların özlərinə edilən hər şeyi borc bilmələrindən, gizlənsə Ayın beşik kimi qucağında… Bax elə həmin gün kimlər qəlblərindən ilğım yaradar uşaqlar qorxmasın deyə? Kimlər qoruyar bu vətəni, bu torpağı? Kimlər şeirlərini yandırar övladları soyuqdan donmasın deyə? Kimlər şam yandırar bu xalqdan ötrü?..

Vətənimin vətəndaşı, bir işıq da sən yandır! Qoyma, balalarımız hiss etsin Günəşin yoxluğunu, incikliyini… Soyuqdan qoruyacam deyə yandırdığın şeirlərlə qəlblərini buza döndərmə…  Alov lazım deyilmi isitmək üçün? Mən yanaram gündüzlər də, gecələr də. Təki sən oxu o şeirləri, təki yansın ürəkləri, isinsin eşqin alovu ilə…

Bax onda, o soyuq evlərdə hər gecə bir əl oxşayacaq saçlarını, hər gecə bir səs pıçıldayacaq “səbr et, hər gecənin bir gündüzü var, təki sən məni yanında hiss et” deyə…

Əsl zülmət Günəş küsüb gedəndə yox, insanlar öz əllərindəki şamı gizlədəndə olacaq, axtaranlar tapmayanda…

Günəşimizi özümüzdən küsdürməyək, bir yerdə daha işıqlı günlərə addımlayaq. Birinin işığı qələmi olsun, digərinki notlar, başqa birimizinki boyalar…

Qələmimizi özümüzdən küsdürməyək, çünki onun sözlər kimi möcüzəsi – işığı var, bu möcüzə ilə Günəş doğmayan zamanlarda da Günəşin şüalarını, istiliyini qəlbimizdə hiss edərik, qışın ən soyuq günlərində – ağaclar, bitkilər qarla örtülən zaman çiçəklərin qoxusunu içimizə çəkərik, Zakir kimi durnalarla şeir yollayarıq çata bilmədiklərimizə…

Hərəmiz bir şam yandırsaq, ən azından başqasınınkını söndürməsək, aydın olmazmı dünyamız?..

Şamı yandırmaq əsasdır, əlbət, amma sonra da sönməsin deyə lazımdır ki, qoruyasan… Şam yuxarıdan aşağı yandığı kimi, insan da mum kimi əriyib gedər, əvvəl gözləri, sonra ürəyi, əlləri, ən sonda onu uzağa apara biləcək ayaqları qurban olar bu yolda… Hər birimiz bir şam olmalıyıq sabahımız uğrunda, yeni nəslin işıqlı gələcəyi yolunda… Türk şairi Nazim Hikmət demişkən:

“Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
necə çıxar
qaranlıqlar aydınlığa…”

Zərifə Həmzəyeva