Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə iyulun 2-də Mərkəzi Elmi Kitabxanada “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.
“Füyuzat” xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu mötəbər elmi toplantının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın icrasından irəli gələrək “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb. Alim simpoziumun həm tarixi məsuliyyət, həm də müasir elmi çağırışlar baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri Öcal Oğuz türkologiyanın yalnız elm sahəsi deyil, Türk dünyasının tarixi yaddaşını, mədəni kimliyini və dil birliyini yaşadan ümumbəşəri dəyər olduğunu vurğulayıb. Bildirib ki, bu kimi beynəlxalq elmi platformalar türk xalqlarının ortaq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Öcal Oğuz qədim türk yazılı irsinin nadir nümunələrindən olan Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinin UNESCO-nun 2020-ci il üzrə Yubileylər Proqramına daxil edilməsinin türk dövlətçilik düşüncəsinin və dilimizin ilkin yazılı qatlarının öyrənilməsi baxımından mühüm hadisə olduğunu qeyd edib. O, eyni zamanda Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsərinin 950 illiyinin UNESCO çərçivəsində qeyd olunmasını bütün Türk dünyası üçün simvolik əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirib.
Türk dilinin tarixi gücünə toxunan sədr xatırladıb ki, XVI əsrdə Əlişir Nəvai “Mühakimətül-Lüğəteyn” əsəri ilə türk dilinin elmi və estetik üstünlüklərini əsaslandırıb. Nizami Gəncəvi, Yunus Əmrə və digər böyük sənətkarların yaradıcılığı da bu böyük dil ailəsinin müxtəlif qollarının ortaq mədəni zənginliyini nümayiş etdirir.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək rəhbərlik etdiyi Fondun əsas fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Fondun əsas missiyası türk xalqlarının ortaq mədəni və mənəvi irsini qorumaq, elmi şəkildə araşdırmaq və bu irsi gələcək nəsillərə ötürməkdən ibarətdir: “Məhz bu baxımdan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusu Fondun məqsədləri ilə tam uzlaşır”.
O qeyd edib ki, bu simpozium elmi müzakirə platforması olmaqla yanaşı, gələcəyə doğru irəlilədiyimiz dəyərləri dərk etmək üçün mühüm fürsətdir. Onun sözlərinə görə, bu mövzu keçmişlə gələcək arasında mənəvi bağ yaradır və Türk dünyasının ortaq inkişaf yolunu aydınlaşdırır.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov bugünkü simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Bakıda “Türk Dünyası Həftəsi”nin təşkili Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar türk xalqları arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır, elmi və mədəni əməkdaşlıq üçün real platformalar yaradır.
Tədbirdə həmçinin millət vəkili Hikmət Babaoğlu, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Dr. Özkul Çobanoğlu, Ege Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunun professoru Dr. Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Dr. Jabbor Eshonqulov, Nevşehir Hacı Bektaş Veli Universitetinin professoru Dr. Bayram Durbilmez və AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər simpozium çərçivəsində aparılan elmi müzakirələrin ortaq türk elmi düşüncəsinin formalaşmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə ediblər, simpoziumun işinə uğurlar arzulayıblar.
Qeyd edək ki, iyulun 3-dək davam edəcək simpoziumda Azərbaycan və xarici ölkələrdən olan alimlər türkoloji folklorşünaslığın nəzəri və praktik məsələlərini, eləcə də türk xalqlarının ortaq mədəni irsinin qorunması və öyrənilməsi istiqamətlərini müzakirə edəcəklər.



