Xaçmazda fəaliyyət göstərən tanınmış qələm adamlarını birləşdirən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti toplantısını keçirib. Xaçmazda baş tutan builki görüş həm ədəbi müzakirələr, həm də xüsusi onlayn bağlantı ilə yadda qalıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar toplantıya onlayn formatda qatılaraq iştirakçıları salamlayıb. Şimal bölgəsində ədəbiyyatın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən Xalq yazıçısı “Ulduzlar” məclisinin fəaliyyətinə uğurlar arzulayıb.
Tədbirdə AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı, Əməkdar jurnalistlər Nadir Azəri və Azər Həsrət çıxış edərək məclisin bölgədəki yaradıcılıq mühitinə verdiyi töhfələrdən danışıblar. Görüş çərçivəsində CASCFEN-in yeni üzvlərinə vəsiqələr təqdim olunub, şair Firudin Həvəskarın yeni kitabları ictimaiyyətə tanıdılıb.
Musiqi və bədii qiraətlə müşayiət olunan məclis, bölgə şairlərinin yeni şeirlərini səsləndirməsi və ənənəvi xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.



