Günel Natiqqızı Köşə Yazıları

Xəyalların ötəsində

Xəyallar – insan ruhunun pıçıltıları, xəyal qurmaq yaşamağın başqa bir adıdır. Xəyal etmədən həyat sadəcə nəfəs almaqdır, yaşamaq deyil. Mark Tvenin dediyi kimi: “Xəyallarınızı qovmayın, çünki onlar getsələr, bəlkə, siz qalarsınız, amma artıq yaşamırsınız deməkdir”.

Ancaq insanı yaşadan xəyalların ötəsində başqa bir məhfum da gizlənir. Nədir o? Xəyalın cismə bürünmüş halı – incəsənət. O, yaşamaq üçün qurduğumuz xəyalların özüdür. İncəsənət bir xəyalın izindən doğulur. Görünməyən bir duyğunun, söylənməyən bir sözün, çəkilməmiş bir tablonun iç səsi olur.

İncəsənət bir xəyalın məhsuludur. Rəssamın rəngləri, şairin sözü, musiqiçinin notu – hamısı bir zamanlar xəyal olub. Hər sənət əsəri – görünməyənin görünənə çevrildiyi, toxunulmayanın toxunduğu bir möcüzədir. Çünki incəsənət xəyalın gerçək libasında bizə təqdim olunmasıdır. Rənglər, səslər, sözlər və formalar vasitəsilə insan ruhunun danışmasıdır. İncəsənət həyatın çılpaq reallığına qarşı bir üsyandır. Bəzən bir tablo, bir melodiyanın içində insan özünü daha çox tapar, nəinki bir cavabda. Çünki sənət cavab verməz, hiss etdirər. O, ağlın deyil, qəlbin dilidir. Sənətin olduğu yerdə insan öz həqiqətinə daha yaxın olar. Bir musiqi parçasında keçmişi yenidən yaşayar, bir misrada gələcəyinə ümid axtarar insan.

Xəyalların ötəsində məhz incəsənət – hisslərə sığınmış həyat var. Bu həyat bizə dünyamızda gizlənən möcüzələri xatırladır – unudulmuş bir duyğunu, susmuş bir səsi, qaranlıqda qalmış bir rəngi. Xatırladır ki, yaşamaq sadəcə var olmaq deyil, hiss etməkdir. Bu gün isə biz onu xatırladaq. Ruhun rənglərini, sükutun səslərini, qəlbin pıçıltılarını duymaq günündə – İncəsənət Günündə. Xatırladaq ki, incəsənət, sadəcə sənət deyil, o, insanlığın nəfəsidir. Onu duymaq üçünsə, sükutun içində bir səs axtarmalısan. Bəlkə, o səs bir fırça izindədir, bəlkə, bir misrada, bəlkə də, bir akkordda. Və onu duyduqda anlayır insan – incəsənət yaşadır, xəyallar isə yaşamağa dəyər edir. O, səni ötələrə – xəyalların ötəsində var olan sehrli aləmə aparır.