(Azərbaycan – Mərkəzi Asiya münasibətlərinin yeni mərhələsi haqqında siyasi-publisistik və kulturoloji düşüncələr)
Vaxt gəlir-vədə yetişir, görürsən, budur, xəritədə bir-birindən ayrı görünən məkanlar ortaq iradənin, ortaq çıxarların və ortaq gələcək düşüncəsinin təsiri ilə yeni anlam qazanır. Görürsən, tarix özünün ən önəmli qərarlarını coğrafiyaya qazandırdıqları ilə ifadə edir. Dünən uzaqlıq kimi görünən məsafə bu gün yaxınlığın ölçüsünə çevrilir. Dünən yalnız qonşuluq, qohumluq, tarix və yaddaş hadisəsi sayılan münasibətlər bu gün yeni siyasi, iqtisadi və mədəni gerçəkliyin əsasını təşkil edir. Bəli, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin çağdaş inkişafı məhz belə bir tarixi məqamın ifadəsidir. Düşünür-daşınırsan: yahu, biz dünəndə biz deyildikmi? Coğrafi uzaqlıqdan üstün mənəvi yaxınlığımız dünən də yoxuydumu?.. Bəs bu günkü canlanmanın, gələcəkyönümlü şahlanışın adı, anlamı, dərinliyi və üfüqü nədən qaynaqlanır?..
Türkmənistanın Avaza bölgəsində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət Görüşü müstəqilliyin 35-ci ilində altı dövlətin öz inkişaf yollarını daha sıx əlaqələndirmək, milli çıxarlarını qarşılıqlı fayda müstəvisində uzlaşdırmaq və gələcək üçün daha dayanıqlı işbirliyi mühiti yaratmaq iradəsinin ifadəsidir. Söhbət fərqli dövlətçilik təcrübəsinə, özünəxas milli kimliyə, zəngin mədəni irsə malik, lakin tarixən bir-biri ilə bağlı olan altı müstəqil dövlətdən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan gedir!
Müstəqilliyin 35 ili: Tarixin cavabı
1991-ci ildə böyük bir imperiya süqutun eşiyinə gəlincə, Azərbaycan və Mərkəzi Asiyanın beş respublikası üçün dövlət müstəqilliyinin bərpası, yaxud əldə olunması ilə yeni tarixi məsuliyyət dönəmi başlandı. Müstəqillik xalqlara hazır rifah, hazır təhlükəsizlik, hazır dövlətçilik sistemi təqdim etmirdi; əksinə, hər bir xalq öz siyasi institutlarını qurmalı, iqtisadiyyatını yeni şərtlərə uyğunlaşdırmalı, milli çıxarlarını müəyyənləşdirməli, beynəlxalq münasibətlər sistemində öz yerini tapmalı idi. O illərdə müstəqilliyin gələcəyinə şübhə ilə yanaşanlar da az deyildi.
Prezident İlham Əliyev 2026-cı ilin iyulunda Şuşada keçirilən IV Qlobal Media Forumunda bu tarixi məqama xüsusi diqqət yetirdi. Dövlət başçısı xatırlatdı ki, SSRİ dağılanda keçmiş ittifaq respublikalarının mərkəz olmadan yaşaya bilməyəcəyini düşünənlər vardı; lakin zaman başqa həqiqəti üzə çıxardı – həmin respublikalar öz dövlətçilik həyatlarını davam etdirdi. Bu fikrin arxasında böyük siyasi-fəlsəfi anlam dayanır. Müstəqillik hüquqi status olmaqdan savayı, xalqın öz taleyinə yiyə durmaq yetənəyi, dövlətin öz qərarlarını vermək iradəsi, toplumun öz gələcəyini qurmaq məsuliyyətidir. Budur, 35 il öncə müstəqil yaşamaq imkanını sübut etməli olan dövlətlər bu gün artıq birgə inkişafın yeni mexanizmlərini müəyyənləşdirir. Əlbəttə, bu illərin yolu hər ölkə üçün eyni olmayıb. Azərbaycan savaş, işğal, məcburi köçkünlük və ərazi bütövlüyünün bərpası kimi ağır tarixi sınaqlardan keçib. Mərkəzi Asiya dövlətlərinin də siyasi, iqtisadi və təhlükəsizlik sahəsində özünəxas çətinlikləri, uğurları və inkişaf təcrübəsi olub. Ancaq bütün fərqlərə baxmayaraq, onları birləşdirən başlıca həqiqət dəyişməzdir – müstəqillik tarixiyaşadılan və inkişaf etdirilən milli iradədir və qətiyyən təsadüf deyildir! Bu gün sabitlik, təhlükəsizlik və rifah anlayışlarının Mərkəzi Asiya – Azərbaycan işbirliyinin əsas gündəliyinə çevrilməsi də həmin 35 illik dövlətçilik təcrübəsinin məntiqi davamıdır.
Altı dövlət – yeni diplomatik memarlıq
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması bölgənin siyasi arxitekturunda önəmli yenilikdir.
Öncələr əsasən beş Mərkəzi Asiya dövlətinin qarşılıqlı dialoq platformu olan bu mexanizm Azərbaycanın iştirakı ilə Xəzərin günbatar yaxasını da çevrələyən daha geniş işbirliyi faza və fəzasına (!) yüksəlib. Bunun, yalnız iştirakçı sayının beşdən altıya çatması olmadığını, burada daha dərin anlamın mövcudluğunu bilirik: Mərkəzi Asiyanın bölgəsəl işbirliyi təsəvvürü Azərbaycanın geosiyasi, geoiqtisadi və bağlantı imkanları ilə tamamlanır.
Azərbaycan bu prosesdə tranzit ölkə olmaqdan daha çox, öz diplomatik təşəbbüsləri, yükdaşıma infrastrukturu, enerji layihələri, beynəlxalq tərəfdaşlıqları və mədəni əlaqələri ilə yeni işbirliyi məkanının fəal iştirakçısıdır.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və eləcə də Tacikistanla inkişaf edən tərəfdaşlıq, strateji işbirliyi, genişlənən yatırımlar, tarixi qardaşlıq-dostluq və Xəzər üzərindən intensiv əlaqələr, bütövlükdə qarşılıqlı sayğıya əsaslanan münasibətlər bu yeni formatın ikitərəfli, çoxtərəfli dayaqlarını təşkil edir.
Burada çox önəmli bir məqamı da vurğulamaq gərəkdir: Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Türk dünyasının inteqrasiyasına töhfə verməklə yanaşı, daha geniş bölgəsəl işbirliyi mahiyyəti daşıyır. Tacikistanın iştirakı bu formatın dil və etnik qohumluqdan başqa, ortaq çıxarlar, qarşılıqlı güvən və suveren bərabərlik üzərində qurulduğunu göstərir.
Beləliklə, altılıq formatı heç bir iştirakçının özünəməxsusluğunu aradan qaldırmır; əksinə, fərqliliklərin qarşılıqlı faydaya çevrilməsi üçün yeni imkanlar açır.
Güvənin diplomatik ifadəsi – növbəti sədrliyin Azərbaycana keçməsi
Avaza görüşünün diqqətçəkən nəticələrindən biri də Azərbaycanın 2027-ci ildə Məşvərət Görüşünə sədrlik edəcəyinin açıqlanmasıdır.
Bu hadisəni öncəki mərhələnin davamı kimi nəzərdən keçirmək doğru olacaq. 2025-ci ilin noyabrında Daşkənddə Azərbaycanın Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsi, 2026-cı ildə isə növbəti sədrliyin ölkəmizə həvalə olunması bölgəsəl işbirliyində Azərbaycanın artan institusional iştirakını göstərir.
Siyasi münasibətlərdə güvənin bir neçə səviyyəsi var. Birincisi, qarşıdakını tərəfdaş kimi qəbul etməkdir. İkincisi, onunla strateji çıxarları bölüşməkdir. Üçüncüsü isə ortaq proseslərin idarə olunmasında ona məsuliyyət həvalə etməkdir.
Azərbaycanın sədrliyi məhz üçüncü mərhələnin önəmini önə çıxarır. Bunu ölkəmizlə Mərkəzi Asiyanın beş dövləti arasında formalaşmış dostluq, qardaşlıq münasibətlərinin, qarşılıqlı sayğının və siyasi güvənin ifadəsi kimi qiymətləndirmək mümkündür. Ancaq güvənin ən böyük dəyəri onun məsuliyyət yaratmasındadır.
Azərbaycanın qarşıdakı sədrliyi bölgəsəl işbirliyinin daha konkret nəticələrə yönəldilməsi, iqtisadi təşəbbüslərin əlaqələndirilməsi, humanitar proqramların genişləndirilməsi və ortaq problemlərin həlli üçün yeni imkanlar aça bilər.
Növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi də bu baxımdan özəl anlam daşıyacaq. Bakı həm diplomatik danışıqların uğurlu məkanı, həm də Xəzər hövzəsi ilə Qafqazı, Mərkəzi Asiya ilə Avropanı birləşdirən önəmli kommunikasiya mərkəzidir.
Dünən Azərbaycan Mərkəzi Asiya işbirliyinə daha sıx qoşulurdu; bu gün isə həmin işbirliyinin gələcək gündəliyinin formalaşmasında məsuliyyət götürməyə hazırlaşır. Bax, bu, siyasi münasibətlərdə keyfiyyət dəyişməsidir.
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI



