Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ICESCO-nun təşkilatçılığı ilə “Xəttatlıq və əlyazmalar: Yazı sənətinin gözəlliyi və kitabın yaddaşı” mövzusunda sessiya keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli xəttatlıq sənətinin qədim tarixə malik olduğunu bildirib. O qeyd edib ki, İslam sivilizasiyasının inkişafı ilə müxtəlif xəttatlıq üslubları formalaşıb, bu sənət İslam dünyasında, o cümlədən türk xalqları arasında geniş yayılıb.

Akademikin sözlərinə görə, Azərbaycanın da xəttatlıq sahəsində zəngin tarixi və özünəməxsus ənənələri var: “Tarixən bu sənətin mühüm mərkəzlərindən biri Təbriz olub. Təbriz xəttatlıq məktəbinin formalaşmasında və inkişafında Azərbaycan sənətkarları mühüm rol oynayıblar”.

İsa Həbibbəyli vurğulayıb ki, əsrlər boyu əlyazmaların hazırlanmasında, köçürülməsində və bədii tərtibatında xəttatların böyük əməyi olub. Məhz onların fəaliyyəti sayəsində çoxsaylı qiymətli əsərlər günümüzədək gəlib çatıb. Bu zəngin irsin tədqiqi, mühafizəsi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abuxalikov çıxışında qədim əlyazmaların xalqların tarixi yaddaşının, elmi və mədəni irsinin qorunmasındakı rolundan danışıb. Bildirib ki, əsrlər boyu müxtəlif ölkələrə yayılan əlyazmalar elmi biliklərin, fəlsəfi düşüncələrin və ədəbi ənənələrin nəsildən-nəslə ötürülməsinə xidmət edib.

O, həmçinin Özbəkistanın Səmərqənd, Buxara, Xarəzm və digər tarixi şəhərlərinin vaxtilə mühüm elm və mədəniyyət mərkəzləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu şəhərlərdə yaradılan və qorunan əlyazmalar dünya elminin və mədəniyyətinin inkişafına mühüm töhfələr verib.

Sessiyada ICESCO-nun Xəttatlıq və Əlyazmalar Mərkəzinin direktoru İdham Hanaş Əl-Həmd və Əl-Fərabi adına Qazax Milli Universitetinin Dinşünaslıq və mədəniyyətşünaslıq kafedrasının dosenti İxtiyar Paltore də çıxış ediblər. Onlar xəttatlıq sənətinin tarixi inkişaf yolu, əlyazmaların bədii, elmi və mədəni əhəmiyyəti, eləcə də yazılı irsin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan, Mərkəzi Asiya və bütövlükdə İslam dünyasının zəngin əlyazma irsinin qorunması, tədqiqi və rəqəmsallaşdırılması, həmçinin xəttatlıq sənətinin müasir dövrdə aktuallığının saxlanılması və yazılı irsin gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.