Bəzən insanlar deyir ki, “yağış romantikadır”. Kimsə pəncərədan boylanıb yağışa baxaraq mahnı dinləyər, kimsə ona olan sevgisini, heyranlığını xatırlayar. Amma hər kəs üçün deyil bu romantika. Hər damla hər ürəyə eyni düşmür. Mənim üçün yağışın başqa bir hekayəsi var… İçində nə sevinc, nə də musiqi var. İçində kədər var, içində hüzün var.
Mən uşaq vaxtı yağışı sevmirdim.
Çünki yağış yağanda evimizin damından içəri su sızırdı. Suyun tavandan yerə damcılayan hər səsi mənim üçün həm qorxu idi, həm də çarəsizlik. Yağış görəndə evdəkilərin təlaşla onu evdən uzaqlaşdırmaq üçün göstərdiyi səy ağlıma gəlir. Ağlayaraq Allaha yağışın kəsməsi üçün etdiyim duaları xatırlayıram. O balaca uşağın çarəsiz baxışları gözümün qabağında canlanır.
Yağışı sevmirdim, çünki küçədə qalan insanlar vardı. Başlarının üstündə dam yox idi. Yağış onlar üçün romantika deyildi, qaçacaq yer axtarışında olan bir sığınacaq mübarizəsi idi.
Yağışı sevmirdim, çünki heyvanlar zərər görürdü…
İslanmış pişiklər, titrəyən küçə itləri mənim uşaq qəlbimdə dinclik yox, ağrı doğururdu.
İndi böyümüşəm!
Bəzən yağış yağanda pəncərə önündə oturub səssizcə onu dinləyirəm. Sanki bu səs insanların iç səsini ifadə edir. İnsanın içində basdırdığı duyğuları üzə çıxarır. Bəzən insanların doyunca ağlamağa, içindəki hayqırışı üzə çıxarmağa ehtiyacı olur. O anda yağış onun imdadına yetişir. Sanki yağış bizə deyir ki, sən doyunca ağla, mən sənin göz yaşlarını öz damlalarımla gizləyərəm. Sanki yağış deyir ki, içindəki bütün hayqırışları, bağırtıları üzə çıxar, mən göy gurultusu ilə o səsi basdıraram. Sanki yağış deyir ki, qəzəbini üzə çıxarma, insanlara zərər vermə. Mən sənin hirsini şimşəklə əvəz edərəm.
Amma bəzən yenə də sevmirəm.
Çünki bilirəm, indi də küçədə qalan insanlar var. Hələ də damı su buraxan evlər, sığınacaq axtaran heyvanlar var. Mən islanmıram deyə hər kəsin quru olduğunu düşünə bilmərəm. Mən isti evdə otururam deyə soyuğu olmayan bir dünya yoxdur.
Yağış həm yaddaşımdır, həm bu günüm. Həm təlatümümdür, həm sakitliyim. Bəzən ruhumu yuyur, bəzən qəlbimi sındırır. Sevirəm də, sevmirəm də… Amma ən çox onu anlayıram.
İndi yağış yağanda artıq evimizə su sızmır. Damımız möhkəmlənib, pəncərəmiz bağlanır, içim də açılır, ruhum da gülür. Amma içimin dərinliyində o uşaq hələ də var. Hələ də tavanı gözü ilə yoxlayan, hələ də küçədəki pişikləri düşünən uşaq var. Ona görə də mən yağışı nə tam sevirəm, nə də tam nifrət edirəm.
Sadəcə onu duyuram. Və hər damlasında bir zamanın, bir hissin, bir uşaqlığın izini görürəm.