Yaradıcı insanın həyatı heç kimə danışmadığı daxili monoloqlarla doludur. Kənardan sakit görünər, amma içində min səs bir-birini boğar. O, gündəlik söhbətləri yerinə yetiriləcək borc kimi yaşayır. Çünki içində daima yazılmamış bir cümlənin ağırlığını daşıyır.
İnsanlarla ünsiyyət qurmaq istəyir, amma çox zaman dilini onlarınkına uyğunlaşdıra bilmir. Ona görə də susur – və bu sükut tənhalığın başlanğıcı olur.
Təklik onun üçün cəzalandırıcı deyil, qoruyucu bir qaladır. Orada heç kim onu bölmür, heç kim ona “bu çoxdur” demir.
Yaradıcılıq bu səssizlikdə yavaş-yavaş formalaşır, böyüyür dərindən qalxan bir nəfəs kimi. Bəzən bir fikir üçün günlərlə özü ilə dava edir. Bəzən isə bir cümləylə özünü tam izah edir və bu, onu gözlənilməz dərəcədə yüngülləşdirir.
Yaradıcı adam çox danışmır, çünki düşündüklərinin yalnız az bir hissəsini dilə gətirə bilir. Qalanları – ya başa düşülməz, ya da sözə sığmaz olur.
Bax o zaman yazmaq, yaratmaq onun üçün məcburi nəfəsə çevrilir.
İnsanların içində belə özünü yalnız hiss etməsinin səbəbi həmişə fərqli bir dərinlikdə yaşamasıdır.
O, eyni məkanda olsa da, eyni dünyada olmur.
Dost çevrəsi geniş olmaya bilər, amma ruhuna toxunan bir cümlə eşidəndə saatlarla düşünə bilər. Yaradıcı insanın ən səmimi dialoqu öz yazdığı ilə olandır.
Bəzən hansısa hekayəni başqasına yox, özünə danışmaq üçün yazır. Çünki yaratmaq keçmişi sağaltmaq cəhdidir çox vaxt.
Bəzən kiminsə dediyi bir cümlə illərlə içində dərin bir iz buraxır və o izi sənətə çevirir.
Bu prosesi izah etmək çətindir – yaşamaq lazımdır.
Yaradıcı tənhalıq boşluq deyil; sözün yetişməsi üçün torpaqdır.
Bu susqunluq hisslərin dərinliyini göstərir – laqeydlik deyil, artıq dolub daşmamaqdır. Tənhalıqda yazdığı bir mətn çox zaman onun danışa bilmədiyi illərini ifadə edir.
Ona görə də o yazılar oxucuya səmimi gəlir – çünki onlar “hazırlanmayıb”, yaşanıb. Yaradıcılıq bir qabiliyyət deyil, çox zaman içindəki boşluğu doldurma ehtiyacıdır.
Kim nə qədər dərindən hiss edirsə, bir o qədər susmaq məcburiyyətində qalır. Yaradıcı adam üçün bir fincan çayın buxarı belə mövzudur.
Çünki o, baxdıqlarına yox, gördüklərinə yazır. O, hamının ötüb keçdiyi bir detalda hekayə tapır.
Bəlkə də, ona görə bu qədər yalnızdır – çünki çox görür.
Tənhalıq onu sındırmır, yavaşca yonur
Və bir gün kimsə onun yazdıqlarında özünü tapanda həmin təklik mənasını tapır. Yaradıcı adamın tənhalığı ayrıca bir düşüncə mövzusudur!