Xəbərlər

Yaxın və Orta Şərqin tanınmış kolleksioneri Məhəmməd əl-Bağdadi “Füyuzat” jurnalını ziyarət edib

Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri olan Məhəmməd əl-Bağdadi “Füyuzat” jurnalının redaksiyasını ziyarət edib, jurnalın rəhbərliyi ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, görüşdə “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, Məhəmməd əl-Bağdadinin həyat yoldaşı Natəvan Ağabəyli-əl-Bağdadi, araşdırmaçı-yazar Muxtar Cəfərli və kolleksioner Şahin Əliyev iştirak ediblər.

Görüş zamanı Məhəmməd əl-Bağdadi həyat və fəaliyyətləri barədə xatirələrini bölüşüb, Azərbaycan tarixi və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərindən danışıb. Öz növbəsində Mübariz Yunus “Füyuzat” jurnalının tarixi və bu günü, Azərbaycanın qədim tarixi və milli-mənəvi dəyərləri barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Məhəmməd əl-Bağdadi Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biridir. Azərbaycana qarşı xüsusi sevgisi olan əl-Bağdadi Azərbaycan xalçalarının dünyaya tanıdılması istiqamətində mühüm işlər görüb, müxtəlif şəhərlərdə ermənilərin Azərbaycan xalçalarını öz xalçaları kimi təqdim etməsinə etiraz edib, sənəd və sübutlarla ermənilərin bu kimi addımlarının qarşısını alıb.

Əl-Bağdadi həmçinin 44 günlük Vətən savaşı zamanı Azərbaycanın İordaniyadakı səfirliyində çıxış edərək Azərbaycan həqiqətlərinin İordaniya xalqına çatdırılmasında mühüm rol oynayıb, vətən uğrunda canından keçən şəhidlərimizi yad edib.

Ümumilikdə, əl-Bağdadi Azərbaycan tarixini və mədəniyyətini araşdıran xarici tədqiqatçılar arasında özünəməxsus yeri olan kolleksionerdir.