21-ci əsrin ilk 25 ili geridə qalarkən, dünyanın siyasi düzənində köklü dəyişikliklərin şahidi oluruq. Həm qlobal güc balansında, həm də regional münasibətlərdə müşahidə edilən bu transformasiya xalqların gündəlik həyatına daha dərindən nüfuz edir. Artıq siyasi proseslər təkcə diplomatik masalarda deyil, sosial şəbəkələrdə, kütləvi informasiya kanallarında və ictimai şüurda da formalaşır.
Məhz belə bir dövrdə Türk Dövlətləri Təşkilatının formalaşması uzunmüddətli milli və ideoloji parçalanmadan çıxmış türk cəmiyyətləri üçün yeni ümid qapısı açdı. Bu təşkilat həm tarixi bağlara söykənən bir milli-intellektual oyanışın təzahürü, həm də real geosiyasi və iqtisadi ehtiyacların doğurduğu zərurət idi.
Lakin reallıq ondan ibarətdir ki, hər bir dövlətin öz maraqları, iqtisadi prioritetləri və diplomatik manevr sahəsi mövcuddur. Son günlərdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Kipr (Yunan) Respublikası ilə diplomatik münasibətlər qurması bir çox çevrələrdə Türkiyənin bölgədəki təsirinin zəifləməsi kimi yozuldu.
Bu hadisə bəzi media qurumları və analitik mərkəzlər tərəfindən “diplomatik uğursuzluq” kimi təqdim edilsə də, məsələ daha dərindən təhlil edilməlidir. Burada əsas məsələ Orta Asiya ölkələrinin Türkiyəyə qarşı münasibəti deyil, beynəlxalq əməkdaşlıq və iqtisadi inteqrasiyanın diktə etdiyi rasional yanaşmadır.
Avropa İttifaqının indi Orta Asiya ölkələrinə 13.4 milyard avro dəyərində iqtisadi dəstək vəd etməsi, bölgə dövlətlərini bu qurumla daha sıx əlaqələr qurmağa sövq edir.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Kipr Respublikası ilə diplomatik münasibətlər qurması da bu kontekstdə dəyərləndirilməlidir – ideoloji və ya siyasi deyil, sırf iqtisadi və geopolitik bir qərardır.
Bu addım, şübhəsiz ki, Türkiyə üçün xoş olmayan bir situasiyadır. Lakin bu, türk dövlətlərinin Ankaraya qarşı yönəlmiş bir münasibətinin göstəricisi deyil. Əksinə, bu hadisə Türkiyə üçün mühüm bir siqnal ola bilər: artıq Şimali Kiprin beynəlxalq arenada tanıdılması üçün aktiv və prinsipial diplomatik xəttə ehtiyac vardır.
Digər tərəfdən, Kipr böhranının tarixi köklərinə də nəzər yetirmək lazımdır. Xüsusən Türk Dövlətlər Təşkilatının qurulmasından narahat olan qüvvələr indi bilərəkdən bəzi məqamları təhrif edir və hadisəyə daha tünd çalarlar əlavə edirlər.
Bəs tarix və hüquq nə deyir? Mərkəzi Asiya ölkələrinin Türkiyəyə “işğalçı” dediyini iddia edənlər bir mənalı olaraq yalan danışırlar. Çünki Kipr məsələsində BMT tərəfindən qəbul olunmuş 541 və 550 saylı qətnamələrdə Türkiyənin adadakı mövcudluğu tənqid olunur, lakin birbaşa Türkiyəyə qarşı “işğalçı” sözü işlədilmir. Başqa sözlə, beynəlxalq hüquq müstəvisində Türkiyə “işğalçı” statusu daşımır.
Kipr Respublikasının 1960-cı ildə Türkiyə, Yunanıstan və Böyük Britaniyanın qarantiyası altında yaradıldığını da xatırlatmaq yerinə düşər. 1974-cü ildə Yunanıstanın adada zorakı “Enosis” (birləşmə) siyasətinə qarşı Türkiyə hərbi müdaxilə etməyə məcbur qaldı. Bu müdaxilə nəticəsində adanın şimalı faktiki olaraq türklərin nəzarətinə keçdi və 1983-cü ildə Şimali Kipr Türk Respublikası (ŞKTR) müstəqilliyini elan etdi.
Burada qeyd etmək yerinə düşər ki, keçən onilliklər ərzində Türkiyə ŞKTR-in beynəlxalq tanınması istiqamətində yetərincə sistemli və ardıcıl diplomatik fəaliyyət göstərməyib. Nəticədə, bu gün ŞKTR yalnız Türkiyə tərəfindən tanınır və ciddi beynəlxalq blokada ilə üz-üzədir.
Digər tərəfdən, Kipr Respublikası, yəni Cənubi Kipr beynəlxalq aləmdə tanınan legitim tərəf olaraq Avropa İttifaqının tamhüquqlu üzvüdür.
Nəticə əvəzi
Bugünkü geosiyasi reallıqlar sabit deyil – ittifaqlar dəyişir, prioritetlər yenilənir, yeni güc mərkəzləri yaranır. Bu şəraitdə Türk dünyasının həmrəyliyi və birliyi ancaq rasional qərarlar, ortaq maraqlar və diplomatik çevikliklə təmin oluna bilər. Və qlobal güclərin iştahını qabardan Mərkəzi Asiyanın da qarantiyası gələcək zaman kəsimində uzaq Avropa İttifaqı və ya başqa güc ola bilməz. Mərkəzi Asiyanın qarantı ola biləcək ortaq güc Türk Dövlətləri Təşkilatının özüdür. Ona görə də, qısa müddətli taktikalar böyük strategiyanının önünə keçməməlidir.
Digər tərəfdən, Türkiyə Kipr məsələsində daha fəal diplomatik strategiyalar ortaya qoymaqla həm öz mövqeyini gücləndirə, həm də türk dövlətləri ilə münasibətlərində yeni bir qarşılıqlı maraq formalaşdıra bilər.
Unutmayaq: 21-ci əsrdə yalnız tarixi bağlar deyil, strateji praqmatizm də birlikləri davamlı və uğurlu edir.