Aktual

Yusif Bağırov: Ərdoğan və Putinin görüşü səmərəli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri, səfər çərçivəsində bu ölkənin prezidenti Vladimir Putin ilə görüşü dünya mətbuatının ən çox müzakirə etdiyi mövzuya çevrilib. Görüş zamanı əldə edilən razılıqlar, görüşdən sonra mətbuata verilən açıqlamalar iki lider arasındakı görüşün məhsuldar keçdiyini deməyə əsas verir.

Görüş Türkiyə–Rusiya əlaqələrinin hansı səviyyədə olduğu, iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, bunun Cənubi Qafqaza və Türkiyənin Qərblə əlaqələrinə necə təsir edəcəyi barədə suallar doğurub.

“Füyuzat” mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. Politoloq bildirib ki, görüş kifayət qədər səmərəli olub.

“Türkiyə və Rusiya prezidentlərinin görüşünə uzun müddətdir ki, hazırlıq gedirdi. Bundan öncə də hər iki ölkənin XİN rəhbəri Hakan Findan və Sergey Lavrov arasında ikitərəfli görüş keçirilmiş, prezidentlərin görüşü üçün ilkin zəmin hazırlanmışdı. Ümumiyyətlə qeyd edim ki, dövlət rəhbərləri səviyyəsində mühüm görüşlər o zaman baş tutur ki, masada razılaşdırılan məsələlər olur. Yəni əgər hər hansı bir məsələ ilə bağlı ümumi razılıq yoxdursa, onda prezidentlər səviyyəsində görüşün keçirilməsinə də faktiki ehtyac qalmır.

Gözlənildiyi kimi Soçidə keçirilən son görüşdə Ərdoğan və Putin arasında yeni taxıl sazişi layihəsi, o cümlədən ticarət, enerji, kənd təsərrüfatı, turizm və iqtisadiyyat sahələrində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu, özlüyündə müsbət addımdır. Xüsusilə də Türkiyə tərəfindən AZOV komandirlərinin Ukraynaya təhvil verilməsindən sonra Rusiya ilə yaranmış soyuqluğu nəzərə alsaq, həmçinin baş tutan görüşdə bu məsələnin ümumiyyətlə müzakirə predmetinə çevrilməməsi onu deməyə əsas verir ki, görüş kifayət qədər səmərəli olub”.

Politoloq Türkiyə və Rusiya arasındakı iqtisadi əlaqələrə də toxunub: “Keçən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 69 milyard dollara çatıb. Hər iki ölkənin qarşılıqlı ticarət əlaqələrinin inkişafında birdən-birə sıçrayış olub. Son görüşdə tərəflər bu dövriyyənin 100 milyard dollar həcminə qədər artırılması ilə bağlı konkret qərara gəlib. Hazırda Türkiyə–Rusiya münasibətlərində sadaladığım sahələr üzrə geniş əlaqələr mövcuddur. Rusiya və Türkiyənin dövlət rəsmiləri bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda, hər iki ölkənin dövlət rəhbərləri səviyyəsində Türkiyədə Sinop Atom Elektrik Stansiyasının tikilməsi, eləcə də Akkuyu Atom Elektrik Stansiyasının bloklarının istifadəyə verilməsi ilə bağlı məsələlər də önəmli müzakirə mövzusuna çevrilib”.

“Bununla yanaşı, Rusiya qazının Türkiyə üzərindən elektron qaydada satışının həyata keçirilməsi istiqamətində də müvafiq razılaşmalar olub. Təbii ki, görüşdə müzakirə olunan məsələlər içərisində ən çox gözlənilən “Taxıl sazişi”nin bərpa olunub-olunmaması ilə bağlı idi. Bu məsələdə də müvafiq irəliləyişlərin olduğunu deyə bilərik. Belə ki, ötən iki həftə ərzində xarici işlər nazirləri səviyyəsində aparılan müzakirələrdə rəsmi Moskva “Taxıl dəhlizi” razılaşmasına Qətərin də daxil edilməsi təklifini irəli sürmüşdü. Bu plan çərçivəsində Rusiyanın Qətərin də maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətə 1 milyon ton taxıl göndərməsi, daha sonra Türkiyədə təkrar emal olunacaq bu taxılın ehtiyacı olan ölkələrə daşınması nəzərdə tutulur. Rusiya bunu əvvəlki razılaşmaya ən uyğun alternativ kimi görür. Türkiyə Prezidenti də bu addımı müsbət qarşılayaraq Rusiya, Türkiyə və Qətərin Afrika ölkələrinə un göndərilməsində dəstək olacaq addımlar atmaqla Afrika ölkələrinin yanında olacaqlarına ümid etdiyini bildirib. Prezident Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə olaraq taxıl daşınması ilə bağlı BMT ilə birlikdə hazırlanmış ortaq təkliflər paketi ilə qısa zamanda gözləntiləri qarşılayacaq bir həll yolu tapacaqlarına ümid edir. Bu açıqlamalar onu deməyə əsas verir ki, Türkiyə yenə də öz vasitəçilik missiyası ilə zəif inkişaf etmiş və ehtiyac içində olan ölkələrin vacib problemlərindən birini həll etməyə müvəffəq oldu. Bu addımın özü qarşıda gözlənilən G20 ölkələrinin zirvə toplantısı öncəsi cənab Ərdoğanın mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”, – politoloq əlavə edib.

Y.Bağırov Türkiyə–Rusiya əlaqələrinin Cənubi Qafqaza təsirlərinə də toxunub: “Şübhəsiz ki, regiona təsir baxımından Türkiyə və Rusiyanı başqa hər hansı bir ölkə ilə müqayisə etmək olmaz. Odur ki Cənubi Qafqazın ən güclü ölkəsi olaraq biz bu iki regional güc arasında münasibətlərin normal olmasının tərəfdarıyıq. Bu gün Rusiya faktiki olaraq bir çox məsələlərdə Türkiyədən asılıdır. Avropanın Rusiya üzərində tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsindəki vəziyyət, eləcə də digər problemlər Moskvanı Türkiyədən müəyyən mənada asılı duruma salıb. Bundan başqa, rus qazının Avropa ölkələrinə çatdırılması üçün Türkiyə yeganə münasib yol hesab olunur”.

“Rusiya–Türkiyə münasibətlərinə Qərbdən olan reaksiyaya gəldikdə isə burada Türkiyəni nədəsə qınamaq mümkün deyil. Çünki məhz Türkiyənin neytral vasitəçiliyi Rusiya ilə olan bir sıra problemlərin yoluna qoyulmasında mühüm rol oynayır”, – deyə politoloq Türkiyə–Rusiya əlaqələrinin Qərbdə necə qarşılandığına diqqət çəkib.