Xəbərlər

Zelenski Fransa ilə qırıcı təyyarələrin tədarükü ilə bağlı müzakirələr aparıb

“Kiyev Parislə Ukraynaya döyüş təyyarələrinin verilməsi imkanını müzakirə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Ukrayna prezidenti danışıqların gedişi ilə bağlı heç bir təfərrüat verməyib.

Bundan əvvəl, fevralın 16-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevin Parisdən “Mirage 2000” qırıcıları almağa ümid etdiyini bildirib.

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko fevralın 23-də “Le Point” jurnalına müsahibəsində bildirib ki, hazırda Paris və Kiyev ukraynalı pilotların hazırlanması üzərində işləyir.

O, “Mirage 2000” təyyarələrinin mümkün tədarükü ilə bağlı şayiələrə inanmamağa çağırıb, Ukrayna Silahlı Qüvvələrinin Amerikanın F-16-larına üstünlük verdiyini deyib.

Omelçenko əlavə edib: “Ukrayna hələ də Qərbin yardımı üçün bütün mümkün variantları nəzərdən keçirir”.