Xəbərlər

Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

Xalq şairi Zəlimxan Yaqubun ata ocağında – Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində ev-muzeyi yaradılır.

“Füyuzat” xəbər verir ki, bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu bildirib ki, ölməz söz ustadının xatirəsini doğma Borçalıda əbədiləşdirmək üçün Kəpənəkçi kəndində, doğulub boya-başa çatdığı evin həyətində ayrıca ev-muzeyin tikintisinə başlanılıb.

M.Nəbioğlu onu da əlavə edib ki, əslində, Borçalıda – Kəpənəkçi kəndində bir “Poeziya Evi”nin olması Zəlimxan Yaqubun özünün də arzusu olub: “Bu gün bu arzu reallaşdırılır. Z.Yaqubun ev-muzeyi həm də saz-söz sevərlər üçün müqəddəs bir ocağa çevriləcək, ziyarətçilər Türk dünyasının sevimlisi olan bu böyük söz ustadının keçdiyi ömür yolu və kitabları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Burada müxtəlif ədəbi tədbirlər keçiriləcək, ustad aşıqların və şairlərin yubileyləri qeyd olunacaq. Bu mədəniyyət ocağı həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişafına töhfələr verəcək”.

Onunun sözlərinə görə, ev-muzeyinin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.