Xəbərlər

Türkiyə Ermənistanla münasibətlərinin normallaşması üçün şərtini açıqlayıb

Türkiyə Respublikası bu ölkə ilə Azərbaycan arasında münasibətlərin normallaşması halında Ermənistanla sərhədi aça bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə əldə olunması halında ssenarimizi hazırlamalıyıq. Bu istiqamətdə işlər aparılır. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktiv edəcəyik, yəni sərhəd qapılarımızı aça bilərik”, – deyə nazir “Sabah” qəzetinə bildirib.

İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iki ölkənin sərhədində görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin əvvəlcədən qeyd-şərtsiz normallaşması prosesini davam etdirmək niyyətləri təsdiqlənib.