“Müəyyən vaxtlarda müxtləlif ölkələr sosial şəbəkələrə tələblər qoyur”.
Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Füyuzat”a açıqlamasında deyib.
O bildirib ki, həmin tələblər yerinə yetirilmədiyi halda sosial şəbəkə və mesajlaşma xidməti bağlanılır:
“Buna təbii baxmaq mümkündür. Çünki sosial şəbəkələrin imkanları genişdir. Bəzən bu imkanlar mənfi məqsədlər üçün istifadə oluna bilər. Ona görə də bəzi ölkələr təhlükəsizlik məsələlərində sosial şəbəkələrin onlarla əməkdaşlıq etməsini arzu edirlər.
Bəzən “Telegram” kimi platformalar bu əməkdaşlığa müsbət yanaşmırlar. Bu, təhdid hesab oluna, yalnış məlumatlarla cəmiyyətdə düzgün olmayan fikirlərin yaranmasına və sabitliyə kölgə salan təxribatlara yola aça bilər. Ona görə də bütün sosial şəbəkələrin ölkələrin qanunvericiliyinə hörmət etməsinin daha düzgün olacağını düşünürəm”.
Mütəxəssis mesajlaşma tətbiqlərinin pulsuz olması məsələsinə də toxunub:
“Dünyaya bu qədər böyük xidmət verən mesajlaşma tətbiqlərinin nə üçün ödəniş tələb etmədiyi də düşündürücüdür. Nəzərə almaq lazımdır ki, pulsuz pendir ancaq siçan tələsində olar. Bu gün daha çox məlumata sahib olan daha güclü hesab olunur. Çünki o məlumatlardan istifadə edərək, ölkələrin, insanların profilini çəkmək, eləcə də bu profilə uyğun tələblər və təkliflər formalaşdırmaq mümkündür.
Həmçinin, bunun sayəsində cəmiyyətlərdə müxtəlif real olmayan düşüncələr də formalaşdırıla bilər. Bu səbəbdən də indiki dövrdə böyük dövlətlər arasında məlumat müharibəsi gedir. Məsələn, ABŞ Çinə aid “TikTok”la mübarizə apardığı kimi, Çin də “Whatsapp” və “Telegram”ı bağlayaraq, alternativ “Wechat” platformasını Asiya ölkələrində cəzbedici hala gətirməyə çalışır”.
Bəhruz Əliyevin sözlərinə görə, sözügedən tətbiqlərin heç birinə tam etibar etmək olmaz:
“Fikrimcə, bizim olmayan heç bir tətbiqə tam etibar etməməliyik, təmkinli olmalıyıq. Hətta təklif edərdim ki, milli və ya türk dövlətləri birliyinə aid ayrıca sosial şəbəkə və alternativ mesajlaşma xidməti verən tətbiqlər, proqram təminatları yaradılsın. Bu, türk dövlətləri birliyinin də simvolu olar. Hesab edirəm ki, türk dövlətlərinin bunun üçün lazımi kadr potensialı var. Bu təşəbbüsün yaxın perspektivdə həyata keçirilməsini arzulayıram”.