Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti kəmərin tutumunun genişləndirilməsi çərçivəsində sentyabrda infrastruktur işlərinə başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, işlərin aparılması TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoidə planlaşdırılır.
“Boru kəmərinin tutumunun (ildə 1,2 milyard kubmetr) artırmaq üçün 2021-ci ildə məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla başa çatdıqdan sonra, TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri planlaşdırılıb”, – şirkətdən qeyd edilib.
Bildirilib ki, bu müddət ərzində TAP AG birləşmə nöqtələrində mövcud imkanlardan maksimum istifadə etməyi, eyni zamanda ağıllı və ehtiyatlı operator kimi çıxış etməyi planlaşdırır.
“Bununla əlaqədar, sentyabrın 17-dən oktyabrın 1-dək gözlənilən Kipoinin texniki imkanları sutkada 349 milyon 887 min 515 kVt/saat, Melenduqno birləşmə nöqtəsində isə sutkada 290 milyon 866 min 796 kVt/saat təşkil edəcək. Hazırda TAP-a birləşmə nöqtələrində tutum məhdudiyyəti yoxdur”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək onun gücünü ildə 10 milyard kubmetrdən əlavə olaraq illik 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb.
Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) “Report”a müsahibəsində bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə edəcək və avadanlıq yenilənəcək.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.